“Rəşad Bayramov: Paşinyan beynəlxalq tribunalarda manipulyasiya edir”

2 Oktyabr 2025 23:18 (UTC+04:00)

“Prinsip etibarilə İlham Əliyev və Nikol Paşinyan arasında Kopenhagendə görüşün keçirilməsi gözlənilən idi. Xüsusilə də 8 avqust razılaşmasından sonra hər hansı beynəlxalq tədbirdə iki liderin eyni vaxtda iştirak edib görüşməməsi düzgün qəbul edilə bilməzdi. Bu baxımdan görüş həm gözlənilən idi, həm də bir sıra məsələlərə aydınlıq gətirmək baxımından əhəmiyyət daşıyırdı. Çünki 8 avqustda paraflanmış sülh sazişi və imzalanmış üçtərəfli bəyanatla bağlı götürülən öhdəliklər var idi və mütləq şəkildə bu məsələlər müzakirə edilməli idi. Məlumdur ki, həmin üçtərəfli bəyanat sülh sazişinin imzalanması və ratifikasiyası üçün Ermənistanın üzərinə bir sıra öhdəliklər qoyurdu. Sənəddə açıq şəkildə qeyd olunmuşdu ki, imzalanma və ratifikasiya üçün əlavə addımlar atılmalıdır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Xatırladaq ki, oktyabrın 2-də Kopenhagendə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan görüşüb. Tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıb, sülhün möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirməyə hazır olduqlarını bildiriblər. Görüşdə regional kommunikasiya və infrastruktur layihələri, o cümlədən TRIPP layihəsi müzakirə olunub, həmçinin ATƏT-in Minsk prosesinin ləğvi ilə bağlı qərar alqışlanıb.

Siyasi şərhçi qeyd edib ki, əlavə addımlardan söhbət gedəndə əsasən Azərbaycanın irəli sürdüyü şərtlər nəzərdə tutulurdu.

“Azərbaycanın sülh sazişi üçün iki əsas şərti vardı: birincisi, ATƏT-in Minsk qrupundan imtina edilməsi, ikincisi isə Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi. Minsk qrupundan imtina artıq rəsmən təsdiqlənib və bugünkü görüşdə də hər iki lider həmin strukturun ləğv olunmasını alqışladı. Eyni zamanda görüşdə regional kommunikasiya xətlərinin blokadadan çıxarılması məsələsi də gündəmə gətirildi. Bu, əslində, 8 avqust razılaşmasında Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı bir xatırlatma idi. Çünki razılaşmaya görə yollar açılmalı, Zəngəzur dəhlizinin ABŞ-ın operatorluğu ilə fəaliyyəti təmin olunmalı, layihə-smeta sənədləri hazırlanmalı və investisiya qoyuluşu baş verməlidir. Artıq bu proseslərə də start verilib. Paşinyan və onun komandasının beynəlxalq tribunalarda fərqli bəyanatlar verməsinə baxmayaraq, faktiki fəaliyyətə başlanılıb. Lakin əsas məsələ – sülh sazişinin imzalanması və ratifikasiyası üçün tələb olunan ikinci şərt – Konstitusiya dəyişiklikləri hələ də yerinə yetirilməyib. Paşinyan ölkə daxilində Konstitusiya dəyişikliklərinin zəruriliyindən danışsa da, beynəlxalq tribunalarda fərqli mövqe sərgiləyərək guya Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların olmadığını deməyə çalışır. Bu isə prosesin uzadılması və siyasi manipulyasiya xarakteri daşıyır. Halbuki, hər kəsə məlumdur ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur və bu maddələr dəyişdirilməlidir. Top artıq Ermənistanın meydanındadır. Azərbaycan 10 noyabr bəyanatına da, 8 avqust razılaşmasına da tam şəkildə əməl edib. İndi isə davamlı sülhün təmin olunması üçün son addımları atmaq Ermənistanın öhdəsinə düşür. Bu, bugünkü görüşdə də Paşinyanın diqqətinə çatdırıldı. Ermənistan konkret addımlar atmağa məcburdur, əks halda ciddi nəticələrlə üzləşə bilər”.

Siyasi şərhçi əlavə edib ki, 5 il ərzində Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliklərini yerinə yetirməyən Ermənistan, həmçinin buna təzyiq göstərməyən Rusiya proseslərin uzanmasına görə məsuliyyət daşıyır:

“İndi ABŞ-ın təzyiqi ilə Ermənistan müəyyən addımlar atmaq niyyətini göstərsə də, bu gecikmiş addımların faydası az olacaq. Faktiki olaraq, bu istiqamətdə vaxtında təzyiq göstərmədiyi üçün əsas günah Rusiyanın üzərindədir. Ümumilikdə sülh prosesi Azərbaycanın təşəbbüsü ilə başlayıb və Azərbaycanın maraqları əsasında sonlanacaq. Burada heç bir şübhə yoxdur. Sadəcə, zamana ehtiyac qalır. Bu zaman ərzində Azərbaycanın Ermənistana hansı güzəştlər edəcəyi də aydınlaşacaq. Paşinyanın qarşıdan gələn seçkilər fonunda çətin vəziyyətdə olduğu başa düşüləndir. Lakin bütün bunlar Ermənistanın razılaşmalardan geri çəkilməsinə və ya manipulyasiya etməsinə əsas vermir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az