“Artıq de-fakto üçüncü dünya müharibəsi gedir. Bu, sadəcə Rusiya-Ukrayna münaqişəsi deyil, Ukrayna ərazisində NATO ilə Rusiya arasında baş verən müharibədir. Rusiya-Ukrayna savaşında NATO bir tərəf kimi çıxış edir. NATO blokuna daxil olan Avropa dövlətləri faktiki olaraq bu münaqişədə iştirak edirlər: silah, canlı qüvvə, kəşfiyyat məlumatları, maliyyə yardımı və digər vasitələrlə prosesə qoşulublar. Üçüncü dünya müharibəsinin daha geniş miqyasda başlanması üçün Avropa dövlətləri psixoloji təbliğat aparır. Avropa mətbuatında müntəzəm şəkildə Rusiya ittiham olunur. Rusiyanın dron və təyyarələrinin Polşa, Baltikyanı respublikalar, Almaniya və digər dövlətlərin hava məkanını pozması ilə bağlı məlumatlar dövriyyəyə buraxılır. Bu məlumatlar beynəlxalq aləmdə ictimai rəyi formalaşdırmaq üçün istifadə olunur”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orban qlobal gərginliklərlə bağlı xəbərdarlıq edib. O bildirib ki, üçüncü dünya müharibəsi hər hansı bir dövlətin kiçik bir səhvi nəticəsində belə başlaya bilər və nəticələri fəlakətli olacaq.
Siyasi şərhçi bildirib ki, NATO üzvü olan dövlətlər müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırırlar.
“Ukraynaya ağır silahların, uzaqmənzilli raketlərin verilməsi və Rusiyanın dərinliklərinə zərbə endirilməsi ssenarisi də gündəmdədir. Avropa dövlətləri bu münaqişəni körükləmək üçün psixoloji və informasiya müharibəsi aparır, beynəlxalq ictimaiyyəti yönləndirirlər. Məqsəd isə Rusiyanı zəiflətmək, dövlət olaraq dünya siyasi xəritəsindən silməkdir. ABŞ və NATO-nun strateji hədəfi Rusiyanı dünya siyasətindən kənarlaşdırmaqdır və bu məqsədlə uzun illərdir Rusiya ətrafında qaynar nöqtələr yaradılır. Ukrayna münaqişəsi də məhz bu prizmadan körükləndi və başlandı. Avropa dövlətləri bütün vasitələrlə Rusiyanı təxribatlara sürükləyirlər. Xatırladaq ki, 2022-ci ilin noyabrında Ukrayna ərazisindən Polşaya atılan S-300 raketləri əvvəlcə Rusiyanın üzərinə atılmışdı. Polşa tərəfi bu hadisədən istifadə edərək NATO-nu münaqişəyə cəlb etməyə çalışdı. Lakin ABŞ administrasiyasının araşdırması nəticəsində raketlərin Ukrayna ərazisindən atıldığı məlum oldu. Bu, Polşa və Ukraynanın gizli təxribat əməliyyatı idi və məqsəd NATO-nu birbaşa münaqişəyə qoşmaq idi. Bu hadisə göstərdi ki, münaqişə getdikcə daha təhlükəli mərhələyə keçir. Əgər üçüncü dünya müharibəsi başlayarsa, bu, nüvə silahının işə düşməsi ilə nəticələnə bilər və bəşəriyyət üçün ciddi fəlakət gətirər. Macarıstanın baş nazirinin son açıqlamaları da bu risklərə diqqət çəkmək üçün verilmiş siqnal kimi qiymətləndirilə bilər. Macarıstan Avropada müstəqil siyasət yürüdən dövlətlərdən biridir və baş nazir dəfələrlə öz mövqeyini açıq ifadə edib. O, Ukraynaya maliyyə yardımlarının qarşısını almağa çalışmaqla da göstərir ki, münaqişə genişlənərsə üçüncü dünya müharibəsi və nüvə təhlükəsi qaçılmaz ola bilər. Onun açıqlamaları dünya ictimaiyyətinə ünvanlanmış ciddi xəbərdarlıq kimi dəyərləndirilməlidir. Avropa Birliyinin aparıcı dövlətləri Fransa və Almaniyadır, lakin Aİ-yə üzv olmasa da Böyük Britaniya bu məsələlərdə fəal iştirak edir. Alət kimi isə Polşa və Baltik ölkələrindən istifadə olunur. Onlar böyük müharibənin başlanması üçün əsas vasitələrə çevrilə bilərlər”.
Rəfiqə Namazəliyeva,
AzNews.az