“Dollar məhv oldu” kimi fikirlər əsassızdır - Xalid Kərimli

3 Oktyabr 2025 20:00 (UTC+04:00)

“Dollar dünyada əsas rezerv valyutalardan biridir. Ümumilikdə, hökumətin fəaliyyətinin dayandırılması (shutdown) dolları zəiflədən amildir. Amma əsas məsələ onun nə qədər davam etməsidir. Əgər bu, qısa müddətli olsa – məsələn, bir-iki həftəyə aradan qalxsa – heç bir ciddi mənfi təsir olmayacaq. Hazırda müşahidə edilən ucuzlaşma sonradan yenidən bahalaşma ilə əvəz olunacaq”.

Bu fikirləri Aznews.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

Xatırladaq ki, oktyabrın 1-də ABŞ-da federal hökumətin fəaliyyətinin qismən dayandırılması fonunda dollar əsas valyutalara qarşı zəifləyib və həftəlik minimum səviyyəyə düşüb. Hazırda Vaşinqtondakı hadisələrin maliyyə bazarlarına təsiri diqqət mərkəzindədir.

Ekspert bildirib ki, əgər proses aylarla davam edərsə, dolların ucuzlaşması daha da güclənə bilər.

“Çünki hökumətin bağlı qalması iqtisadi artımı ləngidən faktordur. Bu isə Mərkəzi Bankın faiz dərəcələrini daha sərt şəkildə endirməsinə səbəb ola bilər. Belə bir halda dolları zəiflədən amil yaranır. Amma ümumilikdə, insanlar bundan narahat olmasınlar. Bu, normal iqtisadi proseslərdir və vəziyyət dramatik deyil. Dollar müvəqqəti ucuzlaşa bilər, amma hökumət fəaliyyəti bərpa edildikdən sonra bahalaşacaq. Yəni “dollar məhv oldu” kimi fikirlər əsassızdır. Ən çoxu, söhbət 5 faiz civarında eniş və ya artımdan gedir. Sadəcə bəzən bir söz, bir açıqlama şişirdilərək böyük fəlakət kimi təqdim olunur. Halbuki vəziyyət belə deyil. ABŞ iqtisadiyyatı kifayət qədər güclüdür. Ona görə də bu kimi siyasi qarşıdurmaların fonunda belə dolların uzunmüddətli dayaqları sabit qalır. Beləliklə, nə ciddi ucuzlaşma, nə də təhlükəli dalğalanma gözlənilmir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az