“Hazırda Yaxın Şərq regionunda vəziyyət yenidən gərginləşməkdədir. Amerika Birləşmiş Ştatları İsraildən Qəzza bölgəsində hərbi əməliyyatları dayandırmağı tələb edir. Eyni zamanda Qəzzada müvəqqəti hökumətin yaradılması və bu prosesə rəhbərliyin Böyük Britaniyanın sabiq baş naziri Tony Blair-ə həvalə olunması ilə bağlı planlar mövcuddur. Bu təşəbbüs ‘Tramp planı’ adlanır Bununla paralel olaraq İran məsələsi Ağ Evin əsas prioritetlərindən birinə çevrilməkdədir. Son dövrdə İranın nüvə proqramı ilə bağlı açıqlamalar ABŞ-da ciddi narahatlıq doğurur. Artıq Vaşinqtonda əmin olmağa başlayıblar ki, İranın nüvə proqramı tamamilə dayandırılmayıb və diplomatik yollarla həll olunma ehtimalı çox zəifdir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Qeyd edək ki, İranın müdafiə naziri Əziz Nəsirzadə Türkiyəyə, Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi Əli Laricani isə təcili olaraq Minskə səfər edib. Məlumatlara görə, bu səfərlər ABŞ və İsrailin İrana mümkün müdaxiləsi ilə bağlıdır.
Siyasi şərhçi qeyd edib ki, İranın nüvə proqramını davam etdirdiyinə dair yeni məlumatların ortaya çıxması ABŞ-ı birbaşa narahat edir.
“Çünki ABŞ uzun müddət İranın nüvə obyektlərini məhv etdiyini bəyan etmişdi. İndi isə bunun əksinə dair faktlar ortaya çıxdığından, ABŞ-ın beynəlxalq imicinə zərbə vurulur. Həmçinin bu, ABŞ-ın regionda, xüsusilə də İran məsələsində əsas hədəflərindən kənarda qaldığını göstərir. Buna görə də Vaşinqtonun məsələnin həlli üçün hərbi addımlara hazırlaşdığı ehtimal olunur. Məlumatlara görə, ABŞ artıq bölgəyə çoxlu sayda hərbi qüvvə, o cümlədən döyüş və bombardmançı təyyarələr yerləşdirməyə başlayıb. Bu isə İsraillə birlikdə İrana qarşı növbəti hərbi zərbələrin istisna olunmadığını göstərir. Təbii ki, rəsmi Tehran bu reallığı ciddi qəbul edir və buna görə Türkiyə ilə təmaslara başlaması normal qarşılanır. Türkiyə həm region dövləti, həm də İranla sərhəd ölkəsi olduğu üçün bu prosesdə mühüm rola malikdir. Digər tərəfdən, Türkiyənin və prezident Rəcəb Tayyib Ərdoğanın Ağ Evdə nüfuzu kifayət qədər yüksəkdir. Tramp administrasiyasının, xüsusilə də Prezident Donald Trampın Ərdoğana rəğbəti və onun mövqeyi ilə hesablaşması da Tehran üçün önəmli amildir. Böyük ehtimalla İranın Türkiyədən gözləntisi odur ki, Ankara ABŞ-la təmaslara girərək hərbi zərbələrin qarşısının alınmasına və məsələnin siyasi-diplomatik müstəviyə keçirilməsinə dəstək versin. Rəsmi Ankaranın bu istiqamətdə müəyyən imkanları mövcuddur. Lakin ABŞ-ın belə təşəbbüslərə hansı səviyyədə yanaşacağı həlledici olacaq. Əgər Vaşinqtonun diqqəti əsas hədəflərdən yayınarsa, bu, Ağ Evin məsələnin həllinə yetərincə maraq göstərmədiyini göstərə bilər”.
Siyasi şərhçi əlavə edib ki, belə şəraitdə yaxın aylarda, xüsusən də İran ətrafında vəziyyətin son dərəcə gərginləşəcəyi ehtimal olunur:
“Belarus və Rusiya məsələsinə gəldikdə isə, İran bu iki dövlətdən dəstək gözləyir. Çünki Tehranda hesab edirlər ki, həm Belarus, həm də Rusiya Qərbə rəqib olan düşərgənin üzvləridir. Bu baxımdan onların İrana dəstək verməsi və ABŞ-la qarşıdurmada müəyyən balans yaratmağa çalışması mümkündür. Bütün bu proseslərin İran üçün hansı nəticələr verəcəyi yaxın günlərdə aydınlaşacaq. Bununla yanaşı, Türkiyənin İrana qarşı mümkün hərbi əməliyyatlara mənfi yanaşması artıq indidən hiss olunur. Türkiyə, eləcə də İranla qonşu olan digər dövlətlər belə əməliyyatların əleyhinədirlər. Çünki bu cür hərbi addımlar həm region ölkələri, həm də bütövlükdə Yaxın Şərq üçün ciddi, xüsusən humanitar problemlər yarada bilər”.
Rəfiqə Namazəliyeva,
AzNews.az