Müdafiə naziri amerikalı həmsədrlə görüşüb

9 Sentyabr 2013 14:06 (UTC+04:00)
Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorliki qəbul edib.

Müdafiə nazirliyindən AzNews.az-a verilən məlumata görə, Amerikalı həmsədri yeni təyinatı münasibətilə təbrik edən müdafiə naziri qonağı regionda mövcud hərbi-siyasi vəziyyət barədə məlumatlandırıb.

Əsasən Dağlıq Qarabağ probleminin səbəbləri üzərində dayanan nazir qeyd edib ki, Ermənistanın işğalçılıq siyasətinin iyirmi ildən çox davam etməsinə baxmayaraq beynəlxalq birlik, xüsusilə Minsk qrupu münaqişənin həlli istiqamətində səmərə verə biləcək təşəbbüslərlə çıxış etməyib. Əvəzində işğalçı ilə zərər çəkən tərəf çox zaman bərabər tutulub ki, bu da olduqca acı təəssüf doğurur. Münaqişə ilə bağlı Azərbaycan dəfələrlə öz ədalətli mövqeyini ortaya qoysa da lakin nədənsə bu gün də bir biganəliyin şahidiyik.

Müdafiə naziri BMT-nin qəbul etdiyi 4 qətnamənin icra edilməməsini, həmçinin 907-ci düzəlişin yaratdığı maneələri də görüş zamanı xüsusi vurğulayıb. Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün qəti və təsirli addımların atılmaması regionda vəziyyətin daha da kəskinləşməsinə geniş yol açır. Nazir bildirib ki, Azərbaycan heç kimsənin torpağını işğal etməyib və bizim də kiməsə də bir qarış torpaq vermək niyyətimiz yoxdur. "Münaqişənin dinc şəraitdə həllinin yalnız bir yolu var ki, o da Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsidir. Biz başqa bir şərti təsəvvür etmirik".

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini əsirgəməyəcəyini bildirən həmsədr Ceyms Uorlik müzakirə olunan məsələ ilə əlaqədar Azərbaycanla əməkdaşlığını intensivləşdirəcəyini bildirib.
Görüşdə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar iştirak edib.

AzNews.az