Dünənki əməliyyat ölkənin dinc inkişafını qorudu, hüquq-mühafizəçilərə təşəkkür edirəm.
Aznews.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bu gün keçirilən brifinqdə dünənki hadisələri şərh edərkən deyib.
O, ölkənin "Maydanlaşma" və xaosdan xilas olduğunu bildirib, hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edib.
"Dünən biz Maydanlaşmadan, qan tökülməsindən, xaosdan və qaranlıq keçmişə qayıdışdan sağ çıxdıq", - Papuaşvili vurğulayıb. O qeyd edib ki, əgər hüquq-mühafizə orqanlarının əməkdaşları - polis zabitləri, xüsusi təyinatlılar, təhlükəsizlik xidmətinin əməkdaşları və dövlət mühafizəçiləri öz həyatlarını riskə atıb ölkəni müdafiə etməsəydilər, bu, mümkün olmayacaqdı.
"Dünən daxili və xarici düşmənlərin ölkəmizin dinc inkişafının sərhədlərini pozmasının qarşısını alan hər bir polis zabitinə, xüsusi təyinatlılara, təhlükəsizlik xidmətinin zabitinə və dövlət mühafizəçisinə təşəkkür edirəm", - Papuaşvili deyib.
Parlament sədri əlavə edib ki, ölkədə sabitliyi pozmağa çalışan daxili və xarici qüvvələr xalq qarşısında məğlub olub: "Biz xaricdən gələn ambisiyalara, nifrətə və qisasçılıq motivinə xidmət edənlərin ölkəmizə zərər verməsinə imkan vermədik. Hökuməti devirməyə cəhd göstərən və bu avantüraya rəhbərlik edən şəxslərin günahı ölçüləcək və onlar müvafiq cəzaya məruz qalacaqlar".
Papuaşvili həmçinin hüquq-mühafizə orqanlarının peşəkarlığını yüksək qiymətləndirib və cəmiyyətə sabitliyin qorunmasının vacibliyini xatırladıb.