“Alyaskada Putin və Trump arasında Rusiya–Ukrayna arasındakı sülh sazişinin şərtləri ilkin mərhələdə əsasən razılaşdırılmışdı. Lakin Trump daha sonra Zelenski və Avropa liderləri ilə görüşdükdən sonra anladı ki, Zelenski bu şərtləri qəbul edə bilməz və Rusiyanın mövqeyindən müəyyən qədər güzəşt etməsi lazım gələcək. Daha sonra Trump Putinə iradını bildirdi; o, razılaşdırılmış şərtlərdən Rusiya tərəfindən güzəştə getmək istənmədiyini söylədi. Lavrov da açıq şəkildə Alyaskada əldə olunan razılaşmaları təsdiqlədiklərini bildirdi. Rusiyanın güzəştə gəlməsini təmin etmək üçün ABŞ administrasiyasının Ukraynaya uzun mənzilli və Rusiyanın strateji obyektlərini vura biləcək raketlər verməyi müzakirə etdiyi bildirilir. Bu raketlərin 2 500 km-ə qədər məsafəni vurmaq qabiliyyətində olduğu qeyd edilir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ-a xəbərdarlıq edib. Kreml rəhbəri vurğulayıb ki, əgər Vaşinqton Ukraynaya “Tomahawk” raketləri göndərsə, Rusiya buna sərt cavab verəcək. Onun sözlərinə görə, bu addım iki ölkə arasındakı münasibətlərdəki müsbət inkişaflara mənfi təsir göstərəcək.
Siyasi şərhçi bildirib ki, buna baxmayaraq, ABŞ və Avropa ölkələri tərəddüd edir, çünki belə bir addım Rusiyanın məsuliyyətsiz reaksiyasına yol açaraq taktiki nüvə və ya digər radikal cavab variantlarının ortaya çıxmasına səbəb ola bilər.
“Bu səbəbdən Qərb administrasiyaları raketlərin verilməsində ehtiyatlı davranırlar. Bir kompromis olaraq daha qısa mənzilli raketlərin verilməsi də nəzərdən keçirilir. Rusiyanın strateji obyektlərini vura biləcək raketlər verilməlidir ki, Moskva ciddi zərər görsün və sülhə meyillənsin. Son vaxtlar Rusiya əvvəlki maksimalist tələblərindən müəyyən qədər geri çəkilib. Əvvəllər beş vilayəti tam nəzarətə almaq istəyi səslənirdisə, indi atəş xətti və ərazi mübadiləsi kimi variantlar müzakirə olunur. Növbəti güzəştlərin əldə olunması üçün ABŞ-ın cəsarətli addımlar atması — Ukraynaya Rusiyanın strateji obyektlərinə ciddi zərbə vurmaq imkanını verəcək raketlər təmin etməsi — vacibdir. Bu addımlar Ukrayna tərəfində taktiki nüvə silahlarının istifadə ehtimalını da artıra bilər və Qərb bunu nəzərə almalıdır. Qərb qərar qəbul edərkən həm Rusiyanın potensial reaksiyalarını, həm də Ukraynanın ehtiyaclarını və regionun təhlükəsizliyini balansda saxlamalıdır”.
Rəfiqə Namazəliyeva,
AzNews.az