“Dərsliklər hələ də ənənəvi sistem və qaydalarla hazırlanır” - Məzahir Məmmədli

6 Oktyabr 2025 22:26 (UTC+04:00)

“Bu il üçün nəzərdə tutulan dərslik dəstəyi və tədris resurslarında yeni heç bir təşəbbüs yoxdur. Artıq dərsliklərin hazırlanması və digər dəstək işləri həyata keçirilib, ilin sonunda yeni təlimatlar və hazırlıqların olmalı olduğu gözlənilirdi. Görünür ki, ötən il bu işlər tam həyata keçmədiyi üçün bu il ənənəvi sistem və qaydalarla davam ediləcək. 2025–2026-cı tədris ilinin başlanması ilə bağlı Elm və Təhsil Nazirliyinin keçirdiyi ənənəvi müşavirədə bildirildi ki, dərslik dəstəyində müəyyən problemlər mövcuddur”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Qeyd edək ki, 2025–2026-cı tədris ilinin başlanması ilə dərslik dəstəyi və tədris resursları sahəsində mövcud problemlər yenidən gündəmə gəlib. Elm və Təhsil Nazirliyinin müşavirəsində bildirilib ki, dərsliklərin hazırlanmasında müəyyən çətinliklər var, xüsusilə tarix, Azərbaycan dili və ədəbiyyat fənlərində problemlər diqqət çəkir. Nazir bildirib ki, dərsliklərin anlaşılmasını asanlaşdırmaq və milli tarix-mədəniyyəti daha yaxşı əks etdirmək üçün yeni yanaşmalar tətbiq edilməlidir.

Ekspert bildirib ki, nazir dərsliklərin anlaşılmasında yaranan çətinlikləri dəfələrlə diqqətə çatdırıb.

“Xüsusilə tarix dərsliklərində, həmçinin orta siniflərdə (5–8-ci siniflər) Azərbaycan dili və ədəbiyyat fənlərində müəyyən problemlər var. Digər fənlər — riyaziyyat, kimya, fizika, biologiya — əsasən tərcümə ilə bağlı məsələlərə ehtiyac duyur, amma tarix və ədəbiyyat dərsliklərində milli tarix və mədəniyyəti əks etdirən faktlar, şair və yazıçı əsərləri ilə bağlı daha çox yaradıcı yanaşma tələb olunur. Nazirin təşəbbüsü ilə artıq müəlliflik iddialarına çox önəm verməmək qərara alınıb. Əvvəllər dərsliklərdə müəlliflik ön planda olurdu, lakin indi əsas məqsəd dərslikləri hazırlamaqdır. Eyni zamanda dərsliklərin dili də ağırdır və onu sadələşdirmək, yeni yanaşmalar tətbiq etmək lazımdır. Bu istiqamətdə Elm və Təhsil Nazirliyi artıq təşəbbüslərə başlayıb. Ümid edilir ki, növbəti illərdə dərsliklərdə müəyyən dəyişikliklərə şahidlik edə biləcəyik. Hazırda isə yeni nəsə gözləmək tezdir, çünki təşəbbüs hələ başlanğıc mərhələsindədir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az