Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşü barədə özünün “X” hesabında paylaşım edib.
Ərdoğan sammitlə bağlı düşüncələrini bölüşüb.
“Türk Dövlətləri Təşkilatının 12-ci Zirvəsini Azərbaycanın qədim tarixinə şahidlik edən gözəl şəhəri Qəbələdə keçirdik. İmzalanmış Qəbələ Bəyannaməsinin Türk dünyası başda olmaqla bütün dost və qardaş ölkələr üçün xeyirli olmasını arzulayıram.
Təşkilatın geridə qalan 16 ili qısa müddətdə “dildə, fikirdə, işdə birlik” şüarı ilə əldə etdiyi uğurlara yenilərini əlavə edirik. Belə bir dövrdə zirvəmizin mövzusunun “Regional Sülh və Təhlükəsizlik” kimi müəyyənləşdirilməsini son dərəcə yerində və mənalı hesab edirik.
Digər əlaqədar beynəlxalq təşkilatlar və ittifaqlarla qarşılıqlı əlaqə içində səsini və gücünü ortaya qoya bilən bir vizyonu həyata keçirməliyik. Bu baxımdan, bu gün razılaşdırdığımız TDT+ formatının üçüncü tərəflərlə əməkdaşlığımıza yeni bir nəfəs gətirəcəyinə ürəkdən inanıram.
Terrorizmdən qeyri-qanuni miqrasiyaya, kibertəhdidlərdən iqlim dəyişikliyinə qədər məsələlərdə ortaq mövqe ilə cavab verə biləcəyimizi, öz səma qübbəmiz altında öz təhlükəsizliyimizi gücləndirə biləcəyimizi düşünürəm. İyul ayında keçirilən Türk Dövlətləri Təşkilatı Müdafiə Sənayesi Qurumlarının Birinci Toplantısını bu mənada mühüm bir addım kimi dəyərləndirirəm.
Nəqliyyat, enerji təhlükəsizliyi və ticarət inteqrasiyası sahələrindəki təşəbbüslərimizi də bu yanaşmanı tamamlayan hissələr kimi görürük.
Aramızdakı enerji və rabitə əlaqələrini daha səmərəli hala gətirəcək layihə və investisiyalara diqqət yetirməyimiz hamımızın mənafeyinə uyğundur. Xəzər üzərindən keçən Orta Dəhlizi daha da səmərəli etməliyik.
Cənubi Qafqazdakı hadisələri sadəcə izləməkdə qalmır, bölgədə sülh və sabitliyin bərqərar olması üçün atılan addımları səmimiyyətlə dəstəkləyirik. Azərbaycan və Ermənistan arasında 8 avqustda imzalanmış birgə bəyanatı bu istiqamətdə xeyirli bir addım kimi görür, davamının gəlməsini arzulayırıq. Özbəkistan, Qırğızıstan və Tacikistan arasında sərhədlərin birləşmə nöqtəsinin müəyyənləşdirilməsinə dair mart ayında imzalanan sazişi də məmnunluqla qarşılayırıq. Zirvəmizin xeyirli olmasını diləyir, Azərbaycana və dəyərli qardaşım cənab Əliyevə yüksək səviyyəli qonaqpərvərliklərinə görə təşəkkür edirəm” , - Türkiyə lideri paylaşımında qeyd edib.