“Rusiya və ABŞ START müqaviləsinin uzadılmasında ortaq maraq göstərir” - Həşim Səhrablı

7 Oktyabr 2025 20:50 (UTC+04:00)

“Rusiya və ABŞ START müqaviləsinin uzadılmasına ciddi yanaşırlar. Rusiya tərəfinin bu məsələyə isti münasibət göstərməsi və ABŞ-ın müsbət cavab verməsi gözlənilən bir addımdır. Bu addımın əsas məqsədi nüvə silahlarının daha geniş yayılmasının qarşısını almaq və hər iki dövlət üçün maliyyə və texniki yükü azaltmaqdır. Silahların kütləvi istehsalı böyük miqdarda xammal istifadəsi və əlavə valyuta xərclərinə səbəb olur. Hər iki tərəf strateji silahları artırmağa başlasa da, nəticədə qüvvələr balansında ciddi dəyişiklik yaranmır; sadəcə silahların sayı artır və bu, hər iki tərəf üçün əlavə maliyyə və texniki yük deməkdir. Buna görə də Rusiya və ABŞ müqavilənin uzadılmasında maraqlıdırlar ki, biri digərindən üstün olmasın və əlavə xərclər minimuma endirilsin”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Xatırladaq ki, ABŞ Tramp administrasiyası Rusiya Prezidenti Putinin START müqaviləsi üzrə məhdudiyyətlərin gələn il də saxlanması təklifini qəbul edib. 2026-cı ilin fevralında müqavilə bitir və Putin ABŞ eyni öhdəlikləri qəbul edərsə, Kreml onu bir il daha yerinə yetirməyə hazır olduğunu bildirib.

Siyasi şərhçi qeyd edib ki, eyni zamanda, müqavilənin uzadılması silahlanma yarışının genişlənməsinin qarşısını alır.

“Əgər bu yarış artsa, Rusiya və ABŞ-ın strateji rəqibləri də ona qoşularaq öz silah arsenallarını artırmağa çalışacaq. Bu isə qlobal strateji balansın pozulmasına və potensial qarşıdurmaların daha da artmasına səbəb ola bilər. Çin və digər dövlətlərin silahlanması məsələsində də yaxın zamanda ABŞ və Rusiya tərəfləri, həm rəqiblərindən, həm də yaxın müttəfiqlərindən müqavilənin şərtlərinə uyğun davranmağı tələb edəcəklər. Beləliklə, START müqaviləsinin uzadılması yalnız Rusiya və ABŞ arasında qalmır, qlobal xarakter daşıyır və dünyada nüvə silahlarının yayılmasının qarşısını almaqla strateji balansın qorunmasına xidmət edir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az