“Rusiya hələ də Azərbaycanlılara qarşı təzyiqlərə ciddi reaksiya verməyib” - Mübariz Göyüşlü

7 Oktyabr 2025 23:24 (UTC+04:00)

“Hesab edirəm ki, Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti arasındakı bu telefon danışığı daha çox protokol xarakteri daşıyır. Bu, Putinin doğum günü münasibətilə təbrik xarakterlidir. Ancaq bu telefon danışığının Azərbaycan-Rusiya münasibətlərindəki mövcud problemləri aradan qaldıracağına inanmıram. Azərbaycanın Rusiyadan gözləntisi açıq və bir mənalıdır: təyyarə qəzası ilə bağlı Rusiya tərəfinin öz məsuliyyətini dərk etməsi və yaranan nəticələrə görə müvafiq açıqlama verməsidir”.

Bu fikirləri Aznews.az-a Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Qeyd edək ki, Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib. Dövlət başçısı zəng zamanı Kreml rəhbərini doğum günü münasibətilə təbrik edib və iki ölkə arasındakı əlaqələrin mövcud vəziyyəti ilə gələcək perspektivləri barədə fikir mübadiləsi aparıb.

Siyasi şərhçi bildirib ki, bunu Rusiya tərəfindən görmürük.

“Daha sonra, Rusiyada yaşayan Azərbaycanlı soydaşlarımızın üzləşdiyi təzyiqlər, hüquq-mühafizə orqanlarının zorakılığı da araşdırılmayıb və doğru-dürüst qiymət verilməyib. Rusiya tərəfi bu məsələlərə də ciddi münasibət göstərməyib və hətta diaspora liderlərimizə qarşı kəskin addımlar atmağa başlayıb. Ona görə də bu məsələlərdə Rusiya tərəfindən hər hansı bir dönüş yaratdığını görmürük və ciddi addımların atıldığını müşahidə etmirik. Buna baxmayaraq, belə ünsiyyətlərin davam etməsi vacibdir. Biz düşmən deyilik və buna ehtiyac da yoxdur. Rusiya bizim qonşumuzdur, qonşu dövlətdir. Amma Azərbaycanın tələbləri qüvvədə qalır və Rusiya bu məsələlərə ciddi yanaşmalıdır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az