““Təhsil haqqında” Qanuna əsasən, Azərbaycanda Azərbaycan dili ilə yanaşı digər dillərdə, yəni xarici dillərdə də tədris prosesi həyata keçirilə bilər. Lakin bu, yalnız o şərtlə mümkündür ki, həmin xarici dillərdə tədris aparan təhsil müəssisələrinin şagirdləri mütləq dövlət dili – Azərbaycan dili üzrə imtahanda iştirak etməli və bu imtahandan keçdikdən sonra dövlət sənədi – attestatla təmin olunmalıdırlar. Bununla yanaşı, bu cür təhsil müəssisələri Azərbaycan dili fənnini Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi tədris proqramına uyğun şəkildə tədris etməyə borcludurlar. Bu tələblər həm dövlət, həm də özəl təhsil müəssisələrinə şamil olunur. Azərbaycan dili mütləq Nazirliyin müəyyən etdiyi dərs saatları və proqram əsasında tədris edilməlidir. Bu, birmənalı şəkildə qanunla müəyyən olunmuş qaydadır. Rəqabət məsələsinə gəldikdə isə, dünyanın bir çox inkişaf etmiş ölkələrində, o cümlədən İngiltərə və ABŞ-da da müxtəlif dillərdə tədris aparan məktəblər fəaliyyət göstərir. Bu, beynəlxalq təhsil təcrübəsinə uyğun hesab olunur. Azərbaycanda da istər dövlət, istərsə də özəl xarakter daşıyan, müxtəlif xarici təşkilatlarla əməkdaşlıq edən təhsil müəssisələrində ingilis, fransız və digər dillərdə tədris prosesi həyata keçirilir. Məsələn, ölkəmizdə fransız məktəbi və türk liseyləri fəaliyyət göstərir. Qanunvericilik bu istiqamətdə heç bir məhdudiyyət qoymur”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Qeyd edək ki, son illər Azərbaycanda təhsil sistemində çoxdilli mühit formalaşıb: Azərbaycan dili ilə yanaşı, rus və ingilis bölmələrində tədris də genişlənir. Bu, bir tərəfdən şagirdlərin qlobal rəqabət qabiliyyətini artırmaq məqsədini daşısa da, digər tərəfdən ana dilində təhsilin keyfiyyətinin azalması və dil biliklərinin zəifləməsi kimi narahatlıqlar yaradır. Təhsil mütəxəssisləri bildirirlər ki, çoxdillilik siyasəti düzgün balanslaşdırılmadıqda həm milli kimlik, həm də tədrisin keyfiyyəti zərər görə bilər.
Ekspert qeyd edib ki, Azərbaycan dili fənninin tədrisi mütləq şəkildə təmin edilməlidir.
“Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə tarix fənninin də Azərbaycan dilində tədrisi qərara alınıb. Hazırda rus və digər bölmələrdə təhsil alan şagirdlər tarix fənnini Azərbaycan dilində öyrənirlər. Beləliklə, həm Azərbaycan dili, həm də tarix fənni dövlət dilində tədris olunur və bu proses davam edir. Rəqabət məsələsinə qayıdaraq deyə bilərəm ki, xarici dillərdə tədrisin həddindən artıq genişləndirilməsi bizim üçün o qədər də məqsədəuyğun deyil, çünki bu, müəyyən mənada dilimizin assimilyasiyaya uğramasına gətirib çıxara bilər. Bununla belə, dövlət bu sahəyə ciddi nəzarət edir və ana dilinin sıxışdırılmasına heç bir halda yol verilmir. Azərbaycan dövlətinin siyasətində ana dilinin qorunması və üstün mövqedə saxlanılması prioritet istiqamətlərdən biridir. Hər bir şagird dövlət dilindən imtahan verərək attestat alır və yalnız bundan sonra ali təhsil müəssisələrinə qəbul ola bilir. Əgər şagird Azərbaycan dili imtahanından keçməzsə, o zaman həmin şəxs ali təhsil müəssisələrinə qəbul ola bilmir. Bu qayda bütün bölmələr – rus, ingilis və digər dillərdə təhsil alanlar üçün keçərlidir. Hazırkı qaydalara əsasən, orta məktəblərdə hər hansı fəndən “iki” qiymət alan şagirdlər attestat ala bilirlər. Lakin Azərbaycan dili fənnindən zəif nəticə göstərənlər üçün bu qaydanın sərtləşdirilməsi müzakirə oluna bilər. Yəni xarici dildə təhsil alan, lakin Azərbaycan dili fənnindən aşağı qiymət alan şagirdlərə attestatın verilməsinin məhdudlaşdırılması məqsədəuyğun ola bilər. Bu gün xarici dildə təhsil əsasən özəl məktəblərdə daha geniş yayılıb. Dövlət məktəblərində bu göstərici o qədər də yüksək deyil. Özəl məktəblərdə təhsil haqları yüksək olduğundan, bu cür müəssisələrə hər kəsin övladını göndərməsi də mümkün olmur. Ona görə də hesab etmirəm ki, xarici dillərdə tədrisin genişlənməsi ana dilinin sıxışdırılmasına səbəb olar. Çünki ölkədə kifayət qədər Azərbaycan dilində tədris edən məktəblər fəaliyyət göstərir. Ümumilikdə, xarici dildə təhsil verən məktəblərin sayı azdır və onların hamısında Azərbaycan dili fənni tədris olunur. Məsələn, rus bölməsində təhsil alan şagirdlərin 80-85 faizi Azərbaycan dilində sərbəst danışa bilir. Bu da onu göstərir ki, Azərbaycan dili həmin məktəblərdə yetərincə öyrədilir və ana dilimizin zəifləməsinə səbəb olmur. Belə düşünürəm ki, rus bölməsi şagirdləri ilə Azərbaycan bölməsi şagirdlərini rəqabət vəziyyətində dəyərləndirmək doğru olmaz. Çünki Azərbaycanda ən çox xarici dildə təhsil alanlar məhz rus bölməsi şagirdləridir və bu bölmənin Azərbaycan bölməsi ilə ciddi rəqabətdə olacağına inanmıram. Bunun da əsas səbəbi odur ki, rus bölməsində oxuyan şagirdlər də Azərbaycan dilini öyrənməyə məcburdurlar və bu, qanunla tələb olunur”.
Ekspert əlavə edib ki, ona görə də Azərbaycan dilində təhsil verən məktəblərlə rus bölməsini müqayisə edərək bunu rəqabət kimi qiymətləndirmək düzgün olmaz:
“İndiyədək bu iki istiqamət arasında real rəqabət mövcud olmayıb və bundan sonra da olacağına inanmıram. Əksinə, son illərdə Azərbaycan bölməsinə maraq artıb. Mən bir çox valideynlərlə qarşılaşmışam ki, övladlarını əvvəl rus bölməsində oxutsalar da, sonradan Azərbaycan bölməsinə keçirmək təşəbbüsü göstəriblər. Bu, xüsusilə aşağı siniflərdə daha çox müşahidə olunur. Dövlət və özəl məktəblərdə çoxdillilik siyasəti baxımından müəyyən fərqlər mövcuddur və bu, bəzən sosial bərabərsizliyə də gətirib çıxara bilər. Xüsusən də özəl təhsil müəssisələrində təhsil haqlarının yüksək olması səbəbindən yalnız müəyyən maliyyə imkanına malik ailələr övladlarını bu məktəblərdə oxuda bilirlər. Bu da, təbii ki, sosial fərqlərin dərinləşməsinə təsir göstərir”.
Rəfiqə Namazəliyeva,
AzNews.az