“İnformasiya yarışında saniyələr həlledici rol oynayır” - Azər Həsrət

9 Oktyabr 2025 21:05 (UTC+04:00)

“Sosial media artıq medianın ayrılmaz hissəsinə çevrilib və bununla hesablaşmaq məcburiyyətindəyik. Azərbaycanda sosial media yeni populyarlaşmağa başlayanda mən də demişdim ki, sosial media ilə işləməyən ənənəvi media sinifdə qalacaq. Xüsusilə qəzetlər bu imkandan geniş istifadə etmək məcburiyyətindədir. Eyni zamanda televiziya kanalları da sosial media platformalarından istifadə etməsələr, populyarlıqlarını itirə və auditoriyasını itirə bilərlər. Fakt budur ki, sosial media bugün hər cür medianın ehtiyac duyduğu bir zəruriyyətə çevrilib. Onu istifadə etməyən media uduzur, geridə qalır və auditoriyasını itirir. Bu yalnız Azərbaycana aid deyil, dünyanın hər yerində belədir — dünya artıq sosial media olmadan keçinə bilmir. Tendensiya belə davam edəcək, bəlkə sosial mediadan sonra da yeni vasitələr meydana çıxacaq”.

Bu fikirləri Aznews.az-a açıqlamasında media eksperti Azər Həsrət deyib.

Qeyd edək ki, son illərdə sosial media platformalarının sürətlə yayılması, süni intellektin informasiya istehsalında rolunun artması və dezinformasiyanın genişlənməsi qlobal informasiya məkanında ciddi dəyişikliklər yaradıb. Bu dəyişikliklər yalnız xəbər istehsalına deyil, ictimai rəyin formalaşmasına da birbaşa təsir göstərir. Azərbaycan mediası da bu proseslərdən kənarda qalmayıb — rəqabət, informasiyanın doğruluğu, etik standartlar və media savadlılığı məsələləri daha aktual olub.

Ekspert qeyd edib ki, süni intellekt də getdikcə informasiya mənbəyi kimi daha geniş istifadə olunur.

“İnsanlar artıq internetdə axtarış etmək əvəzinə bir sual verib cavabı süni intellektdən alırlar. Bu da jurnalistikanın keyfiyyətinə mənfi təsir göstərə bilər. Ona görə ənənəvi jurnalistika qorunmalı və gücləndirilməlidir. İnformasiya daşıyıcıları dəyişə bilər; kağız, kaset və CD-dən artıq imtina etmişik. İndi məlumatlar onlayn müstəvidə alınır və ötürülür. Amma yeni texnologiyalar jurnalistikanın keyfiyyətini arxa plana itələməməlidir. Təəssüf ki, informasiya yarışında zaman kritik rol oynayır. Ənənəvi media dövründə belə bir saniyəlik yarış yox idi — qəzetlər səhər saat 6–7-də oxuculara çatırdı, hər kəs öz vaxtında məlumat verirdi. İndi isə saniyələrlə yarışırıq: kim daha tez informasiya təqdim edirsə, önə çıxır və informasiya müstəvisində üstünlüyü ələ keçirir. Bu səbəbdən geri qalmamaq üçün daha keyfiyyətli, operativ jurnalistika məhsulları təqdim etmək vacibdir. Ənənəvi jurnalistika qorunmalı və ayaqda saxlanmalıdır ki, cəmiyyət yanlış informasiyalara və keyfiyyətsiz xəbərlərə qarşı müdafiəsiz qalmasın”.

Rəfiqə Namazəliyeva,

AzNews.az