“Dövlətlər qlobal qarşıdurma fonunda müdafiə qabiliyyətlərini artırırlar” - Həşim Səhrablı

9 Oktyabr 2025 22:46 (UTC+04:00)

“Keçirilən bütün hərbi təlimlər – istər Azərbaycan, Gürcüstan və Türkiyə arasında, istər Xəzəryanı dövlətlər, NATO, MDB ölkələri, Çin və onun tərəfdaşları, yaxud Rusiya ilə yaxın münasibətdə olan dövlətlər arasında olsun – eyni məqsədə xidmət edir. Bu təlimlərin əsas mahiyyəti regional təhdidlərə qarşı mübarizə aparmaq, dövlət və milli maraqları qorumaq, həmçinin ümumi təhlükəsizlik mexanizmini formalaşdırmaqdır. Xəzəryanı dövlətlərin birgə keçirdiyi təlimlər də bu məqsədlə həyata keçirilir. Bu ölkələr öz müdafiə qabiliyyətlərini artırmaqla yanaşı, regionda sülh və sabitliyin qorunmasına töhfə verməyə çalışırlar. Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi ölkələrin bu istiqamətdə atdığı addımlar imperial maraqlardan qaynaqlanmır. Çünki bu dövlətlərin nə hər hansı qonşu ölkəni işğal etmək, nə də regionda hegemonluq yaratmaq kimi ambisiyaları yoxdur”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Qeyd edək ki, Ankarada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin 12-ci üçtərəfli görüşü, eyni zamanda Sankt-Peterburqda Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri komandanlarının toplantısı keçirilib. Hər iki tədbir protokol xarakteri daşısa da, diqqət çəkib. Sankt-Peterburq görüşündə Xəzər dənizində təhlükəsizlik, hərbi-dəniz əməkdaşlığı və birgə təlimlər müzakirə olunub. Qeyd olunur ki, region üçün əsas təhlükə məhz Rusiya və İrandan qaynaqlanır.

Siyasi şərhçi qeyd edib ki, Rusiya, İran, Çin və Hindistan kimi böyük dövlətlər öz imperial maraqlarını təmin etmək və təsir dairələrini genişləndirmək məqsədilə hərbi fəaliyyətlərini gücləndirirlər.

“Onların keçirdiyi təlimlər formal olaraq “müdafiə xarakterli” adlansa da, əslində bu addımlar güc nümayişi, digər dövlətlərə təzyiq vasitəsi və təsir zonasını genişləndirməyə hesablanmış strategiyalardır. Bu baxımdan həmin təlimlərin əsas məqsədi digər dövlətləri qorxutmaq, onları öz maraqları istiqamətində yönləndirmək və siyasi təsir altında saxlamaqdır. Qlobal qarşıdurmaların dərinləşdiyi, beynəlxalq münasibətlərdə gərginliyin artdığı bir dövrdə bütün dövlətlər, istər güclü, istərsə də nisbətən zəif olsun, müdafiə sistemlərini gücləndirmək məcburiyyətində qalıblar. Burada təkcə hərbi sahədən deyil, həm də təhlükəsizlik və kəşfiyyat orqanlarının fəaliyyətinin təkmilləşdirilməsindən, şəffaflığın və effektivliyin artırılmasından söhbət gedir. Dövlətlər artıq öz təhlükəsizliklərini qorumaq üçün hərbi doktrinalarını yeniləyir, hərbi potensiallarını artırır və müdafiə qabiliyyətlərini şaxələndirirlər. Rusiya və İran bu istiqamətdəki addımları Qərbə qarşı zəif görünməmək və öz təsir dairələrini qorumaq üçün atır. Azərbaycan və Gürcüstan kimi ölkələr isə qlobal güclərin təzyiqi qarşısında məğlub olmamaq, suverenliklərini və ərazi bütövlüklərini qorumaq məqsədilə müdafiə və təhlükəsizlik potensiallarını artırırlar. Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlıq isə yeni məsələ deyil. Bu əməkdaşlıq uzun illərdir müxtəlif formatlarda davam edir. Tərəflər həm ikitərəfli, həm də üçtərəfli səviyyədə birgə görüşlər keçirərək təhlükəsizlik, hərbi, siyasi və iqtisadi məsələlər ətrafında məsləhətləşmələr aparırlar. Bu əməkdaşlığın regional təhlükəsizliyin təmin edilməsi və milli maraqların qorunması baxımından mühüm əhəmiyyət daşıdığı barədə ümumi razılıq mövcuddur. Gürcüstan son illərdə başa düşüb ki, keçmişdə etdiyi səhvləri təkrarlamamaq, dövlətin unitar quruluşunu və suverenliyini qorumaq üçün daha sistemli və praqmatik siyasət yürütməlidir. Azərbaycan isə Cənubi Qafqazda yeni status-kvo yaradaraq regionun lider ölkəsi kimi beynəlxalq siyasətdə, enerji və tranzit layihələrində strateji rol oynayır. Bu mövqeyi qorumaq və daha da möhkəmləndirmək ölkənin əsas prioritetlərindən biridir”.

Siyasi şərhçi əlavə edib ki, Türkiyə də başa düşür ki, Qərb və Rusiya arasında imperial maraqların toqquşduğu şəraitdə həm dünyəvi dövlət modelinin, həm də regional maraqlarının qorunması ölkə üçün strateji əhəmiyyət kəsb edir:

“Bu səbəbdən üç ölkəni – Azərbaycanı, Gürcüstanı və Türkiyəni – yalnız coğrafi yaxınlıq və tarixi əlaqələr deyil, həm də ortaq təhlükəsizlik hədəfləri və regional sabitliyin qorunması məqsədi birləşdirir. Onları imperializmə qarşı mübarizə, bölgəni müharibədən və qeyri-sabitlikdən qorumaq, regional maraqları müdafiə etmək kimi ortaq məqsədlər yaxınlaşdırır. Məhz bu səbəbdən Azərbaycan, Gürcüstan və Türkiyə başa düşürlər ki, birgə müdafiə mexanizmi formalaşdırmaq vacibdir. Bu, yaxın illərdə rəsmi hərbi pakta çevrilməsə belə, tərəflər artıq təhlükəsizlik sahəsində əlaqələrini möhkəmləndirir, regional məsələlərdə bir-biri ilə daimi əlaqədə olur, vəziyyəti birgə dəyərləndirir və dövlət siyasətlərini bu istiqamətdə koordinasiya edirlər. Bu prosesin özü də Cənubi Qafqazda sabitliyin qorunması və təhlükəsizliyin gücləndirilməsi baxımından mühüm strateji addımdır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az