“Yaxın Şərqdə baş verən hadisələr ABŞ-ın himayəsi altında cərəyan edir” - Azad Məsiyev

9 Oktyabr 2025 22:50 (UTC+04:00)

“Yaxın Şərqdə baş verən hadisələr ABŞ-ın himayəsi altında cərəyan edir. ABŞ İsrailə həm siyasi, həm də hərbi dəstək göstərməsəydi, bu ölkə regionda bu qədər aqressiv siyasət yürüdə bilməzdi. Vaşinqton bütün vasitələrlə İsraili dəstəkləyir. Donald Trampın hakimiyyətə gəlməsində yəhudi lobbisinin mühüm rolu olub. Həmin lobbi ona həm siyasi, həm də maliyyə dəstəyi göstərərək onun prezident seçilməsinə yardım edib. Buna görə də Tramp İsrailə bütün imkanlarla dəstək verməklə həmin lobbi qarşısında mənəvi borcunu ödəməyə çalışır. Ümumiyyətlə, ABŞ-da yəhudi lobbisinin təsiri o qədər güclüdür ki, onun razılığı olmadan kimin hakimiyyətə gəlməsi real sayılmır. Amerikalı siyasi ekspertlər də bu təsiri etiraf edirlər”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp yaxın zamanda İsrailə səfər edəcəyini bildirib. O, Qəzzada atəşkəs razılaşmasının əldə olunmasından sonra bu qərarı verdiyini açıqlayıb. Ağ Evin rəhbəri həmçinin İsrail tərəfinin ondan Knessetdə çıxış etməsini xahiş etdiyini və bu təklifi qəbul etdiyini qeyd edib. Tramp əlavə edib ki, Ukraynada müharibəyə son qoymaq Yaxın Şərqdəki münaqişələri həll etməkdən daha çətindir.

Siyasi şərhçi qeyd edib ki, Yaxın Şərqdə baş verən hadisələr beynəlxalq ictimaiyyətin ciddi tənqidi ilə qarşılanır.

“İsrailin Qəzzada həyata keçirdiyi soyqırım siyasəti qlobal səviyyədə tənqid edilir və ABŞ-ın bu siyasətə dolayısı ilə dəstək verməsi onun beynəlxalq imicinə mənfi təsir göstərir. BMT-nin son iclasında İsrailin baş naziri tribunaya qalxdığı anda yüzdən artıq ölkə zalı tərk etməklə həm İsrailə, həm də ABŞ-a etirazını nümayiş etdirib.Trampın gündəmə gətirdiyi atəşkəs təşəbbüsü də əslində görüntü xarakteri daşıyır. İsrail və Fələstin arasında bundan əvvəl də dəfələrlə atəşkəs elan edilib, lakin İsrail müxtəlif bəhanələrlə onu pozaraq Fələstin torpaqlarını işğal edib. İsrail dövləti yaranandan bəri öz ərazisini genişləndirərək “Böyük İsrail” ideyasını reallaşdırmaq məqsədi güdür. İsrailin baş naziri də çıxışlarından birində bunu açıq şəkildə ifadə edib. ABŞ bu planı dəstəkləməkdə davam edir. Co Baydenin prezidentliyi dövründə ABŞ-ın aqressiv siyasəti – istər Ukrayna, istər Yaxın Şərqdəki münaqişələrdə – onun beynəlxalq imicinə ciddi zərbə vurub. İndi isə Tramp fərqli taktika seçib. O, guya ABŞ-ın dünyada sülhün və ədalətin bərpasına çalışdığını nümayiş etdirməyə çalışır. Tramp seçkiqabağı bəyanatında hakimiyyətə gəldiyi halda Ukrayna müharibəsini tezliklə bitirəcəyini, İsrail-Fələstin arasında isə atəşkəsin əldə olunmasına təşəbbüs göstərəcəyini bildirib. Lakin bu da sadəcə görüntüdür və məqsəd Bayden dövründə itirilmiş imici bərpa etməkdir. Əslində, ABŞ-ın siyasətində hakimiyyətdə kiminsə olmasından asılı olmayaraq dəyişməyən bir strateji xətt var. Respublikaçılar və demokratlar arasında müəyyən taktiki fərqlər olsa da, hər iki partiya eyni strateji məqsədə xidmət edir. Trampın addımları da sadəcə bu strategiyanın bir hissəsidir – yəni, beynəlxalq ictimaiyyət qarşısında “sülh təşəbbüsü” görüntüsü yaradaraq ABŞ-ın maraqlarını qorumaq. Reallıqda isə ABŞ münaqişələri həll etmək deyil, onları idarə etməklə öz təsir dairəsini saxlamağa çalışır. Bunu həm Ukrayna, həm də Yaxın Şərqdə baş verən hadisələr açıq şəkildə göstərir. Trampın özü də etiraf edib ki, Ukrayna münaqişəsi Bayden administrasiyasının yaratdığı problemdir. Trampın İsrail və Fələstin arasında sülh yaratmaq təşəbbüsü də müvəqqəti və formal xarakter daşıyır. İsrail rəhbərliyi beynəlxalq ictimaiyyətin artan təzyiqini gördüyü üçün gərginliyi azaltmaq və dünyadakı qınağı yumşaltmaq məqsədilə atəşkəs ideyasını gündəmə gətirir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az