“Hansı məhkumu əfv etmək prezidentin səlahiyyətindədir”

9 Sentyabr 2013 16:24 (UTC+04:00)
"Cəmiyyətdə belə bir fikir formalaşmasın ki, komissiya bir ay işləyir, qalan aylarda işləmir. Belə deyil. Komissiyaya məhkumun özündən, yaxud valideynlərindən ərizələr daxil olduqca baxılır. Əfv Komissiyasında iclaslar davamlı olur. Müraciətlər daxil olur, komissiyanın əsasnaməsinə uyğun olaraq həmin müraciətlər nəzərdən keçirilir, lazımi sənədlər toplandıqdan sonra komissiyada onların müzakirəsi gedir. Yəni komissiyanın işi mütəmadidir".

Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Bəxtiyar Əliyev sözügedən komissiyanın bu yaxınlarda keçirilən iclası haqda "Media forum" saytının sualını cavablandırarkən belə deyib.

Bəxtiyar Əliyev qeyd edib ki, məhkumlar cəzalarının müəyyən hissəsini çəkdikdən sonra əfv olunmaları üçün müraciət edə bilərlər: "Ərizələrə baxılma prosesi isə heç vaxt yekunlaşmır. Çünki ərizələr dayanmadan daxil olur. Vətəndaş ərizəni nə vaxt komissiyaya göndərsə, həmin gündən ərizə üzrə proses başlanır. Buna görə də ərizələrin qəbulu ilə bağlı heç bir müddət məhdudiyyəti yoxdur. Bu, kəsilməz bir prosesdir. Əfv Komissiyası işini dayandıra bilməz.

Bəziləri prosedur qaydaları bilmədikləri üçün təkrar müraciətlər edirlər. Komissiya mütəmadi olaraq işləyir və həmin vətəndaşlara da cavablar göndərilir ki, nəyə görə sizin bu işə baxıla bilmir, nəyə görə baxıla bilir, yaxud da hansı müddətdə baxıla bilər. Bu, davamlı bir prosesdir.

Əfv humanist bir addımdır. Əfv sərəncamının verilməsi isə dövlət başçısının birbaşa konstitusion hüququdur. Burda da məqsəd cəmiyyətə bir nümunə göstərməkdir. Əgər vətəndaş törətdiyi əməldən peşmanlıq keçirirsə, cəzasının müəyyən hissəsini çəkibsə, onun azadlığa buraxılması ictimai təhlükə doğurmursa, onda o əfv olunur və normal həyat fəaliyyətinə qaytarılır. Əfvin tərbiyəvi, ciddi sosial əhəmiyyəti var və bu proses həm də vətəndaşların hüquqi düşüncəsinə müsbət təsir göstərməyə hesablanıb".

Prezident seçkisi, yaxud Qurban bayramı ərəfəsində yeni əfv sərəncamının veriləcəyi gözlənirmi? Suala Bəxtiyar Əliyev belə cavab verib: "Əsasnamədə nəzərdə tutulmayıb ki, əfv bayram günləri, yaxud hansısa tarixi hadisələrlə bağlı olmalıdır. Bu sadəcə olaraq konstitusion bir normadır. Buna görə də komissiyaya müraciətlər daxil olduqca baxılır və hər biri haqqında qərar qəbul olunur. Qərar əsasında komissiya öz rəyini dövlət başçısına göndərir. Amma hansı məhkumu əfv etmək artıq dövlət başçısının səlahiyyətindədir. Son qərarı, son sözü prezident deyir".

AzNews.az