“Moskva üçün Azərbaycanla münasibətləri qorumaq strateji zərurətdir” - Kənan Novruzov

10 Oktyabr 2025 22:15 (UTC+04:00)

“Əslində bu, təəccüblü deyil. Beynəlxalq analitiklər məsələyə müxtəlif yanaşsalar da, mən fərqli baxıram. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycanın beynəlxalq aləmdəki imici Gürcüstanın imicindən tamamilə fərqlidir. Azərbaycan bu gün beynəlxalq münasibətlərin obyekti deyil, həm də subyektidir — qlobal siyasi aktor kimi çıxış edir. Ölkə ərazi bütövlüyünü bərpa edib və regionda, xüsusilə də Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına yönəlmiş addımlar atır. Azərbaycanla Gürcüstan arasındakı əsas fərq də məhz budur: Azərbaycan ərazi bütövlüyünü təmin edib, Gürcüstan isə hələ bunu edə bilməyib. Bu baxımdan Rusiyanın hər iki ölkəyə münasibəti fərqli olmalıdır. Şübhəsiz ki, Rusiya imperialist dövlət kimi adətən səhvini etiraf etmir, amma bu dəfə vəziyyət fərqlidir — o, fakt qarşısındadır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Qeyd edək ki, Düşənbədə Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü dünya mediasında böyük maraq doğurub. Kreml rəhbərinin Bakıya qarşı yumşaq ritorikası və AZAL təyyarə qəzası ilə bağlı müsbət addımları xüsusilə diqqət çəkib. Analitiklər Putinin Azərbaycana münasibətini Gürcüstanla müqayisə edərək fərqi vurğulayıblar. Moskva bu dəfə səhvini etiraf edib və Azərbaycanın şərtlərinin yerinə yetiriləcəyini bəyan edib.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan bu gün Rusiya üçün həm iqtisadi, həm də siyasi baxımdan mühüm tərəfdaşdır.

“İki ölkə arasındakı ticarət əlaqələri Moskva üçün mühüm əhəmiyyət daşıyır. Xüsusilə də Rusiya beynəlxalq təcrid şəraitində olduğu bir dövrdə Azərbaycanla diplomatik münasibətlərin qorunması onun üçün strateji zərurətdir. Digər tərəfdən, Azərbaycan həm də Ukrayna ilə münasibətləri olan bir dövlət kimi Rusiya üçün xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycanın vasitəçilik rolu, hətta epizodik formada belə, gündəmə gələ bilər. Bütün bunlarla yanaşı, Azərbaycanla ABŞ arasında strateji əməkdaşlıq da güclənir. Rusiya da bunu nəzərə alaraq ağıllı addım atmağa çalışır. Çünki Azərbaycana təzyiq göstərmək nə praktik, nə də səmərəli olardı. Əksinə, Moskva üçün Azərbaycanla münasibətləri qorumaq, onu strateji tərəfdaş kimi itirməmək daha məqsədəuyğundur. Bu addımlar həm də Rusiyanın Qərbin regionda mövqelərini məhdudlaşdırmaq cəhdinin tərkib hissəsidir. ABŞ-ın regiondakı aktivliyini nəzərə alsaq, Rusiyanın öz mövqeyini yenidən qiymətləndirməsi təəccüblü deyil. Nəticə etibarilə, Rusiyanın səhvini etiraf etməsi və Azərbaycanın şərtləri ilə razılaşması həm zərurətdən irəli gəlir, həm də Prezident İlham Əliyevin böyük diplomatik şahmat taxtasında atdığı məqsədyönlü, ağıllı addımların nəticəsidir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az