Psixi sağlamlığımızı necə qoruyaq? - Psixoterapevt Dilbər Bəhmənli ilə müsahibə

13 Oktyabr 2025 16:30 (UTC+04:00)

Son illərdə insanların psixoloji durumu cəmiyyətin mühüm müzakirə mövzularından birinə çevrilib. Artan informasiya axını, sosial müqayisə, iqtisadi qeyri-sabitlik və şəxsi münasibətlərdəki gərginlik insanın zehni tarazlığını pozur. Məsələnin həm fərdi, həm də sosial tərəflərini daha dərindən anlamaq üçün psixoloq Dilbər Bəhmənli ilə psixi sağlamlıq, stres və müasir həyatın təsirləri barədə müzakirə etdik. Həmin müsahibəni sizə təqdim edirik:

Son illər insanlar arasında psixoloji gərginlik, stres və emosional tükənmə halları artıb. Sizin fikrinizcə, bunun əsas səbəbləri nədir?

– Bəli, bu, müasir dövrün reallığıdır. İnsanlar çoxsaylı informasiya axını, sosial müqayisə, qeyri-sabit sosial-iqtisadi şərait və şəxsi münasibətlərdəki gərginliklər səbəbindən psixoloji yüklənmə yaşayırlar. Texnologiya inkişaf etdikcə beynimizə istirahət imkanı vermirik. Emosional yüklənmə və davamlı stres nəticəsində insanlar öz hisslərini tanımaq və tənzimləməkdə çətinlik çəkirlər. Bu da yuxu pozuntuarı, təşviş, aqressiya və depressiv hallar kimi nəticələrə gətirib çıxarır.

İnsan gündəlik həyatda psixi sağlamlığını qorumaq üçün nələr edə bilər?

– Əslində, psixi sağlamlığı qorumaq üçün çox sadə, amma davamlı addımlar atmaq lazımdır. Birincisi, emosiyalarla əlaqədə qalmaq vacibdir. Hisslərimizi boğmaq yox, onları anlamaq və ifadə etmək lazımdır. İkincisi, bədən və zehin əlaqəsini qorumaq. Kifayət qədər yuxu, balanslı qidalanma və fiziki aktivlik psixi sağlamlıq üçün çox önəmlidir. Üçüncüsü, sərhədləri müəyyənləşdirmək- “Yox” deməyi bacarmaq lazımdır. Dördüncüsü, sosial dəstək. İnsan tək qaldıqda problemlər böyüyür, paylaşdıqda isə yüngülləşir.

Bəzən insanlar “Mənim psixoloqa ehtiyacım yoxdur” deyirlər. Bu, hansı yanlış düşüncədən qaynaqlanır?

– Təəssüf ki, bizdə hələ də psixoloqa müraciət etmək “Problemi var” kimi qəbul olunur. Halbuki bu, tibbə getmək qədər normaldır. Psixoterapiya yalnız psixi problemlər zamanı deyil, özünü tanımaq və həyat keyfiyyətini artırmaq üçün də vacibdir. İnsan bəzən problemlərini rasional düşünür, amma emosional tərəfini görə bilmir. Mütəxəssislə söhbət etmək bu hissləri başa düşmək və dəyişiklik yaratmaq üçün böyük addımdır.

Sosial şəbəkələrin psixi sağlamlığa təsiri barədə nə düşünürsünüz?

– Sosial şəbəkələr həm faydalı, həm də təhlükəlidir. Faydası məlumat almaq, ünsiyyətdə qalmaqdır. Amma mənfi tərəfi süni reallıq və müqayisə tələsidir. İnsan başqalarının “İdeal” həyatını görəndə öz reallığına qarşı narazılıq formalaşır. Bu, özünə dəyər hissini azaldır və depressiv düşüncələri gücləndirə bilər. Buna görə sosial mediadan istifadə balanslı olmalıdır, yəni həyatın mərkəzinə yox, bir hissəsinə çevrilməlidir.

Bəzən insanlar həyatın mənasızlaşdığını, motivasiyanın itirildiyini deyirlər. Belə hallarda nə etmək lazımdır?

– Bu hal çox vaxt emosional tükənmənin nəticəsidir. İnsan davamlı olaraq başqaları üçün çalışır, amma özünü unudur. Belə vəziyyətdə ilk addım dayanmaq və nəfəs almaqdır. Öz bədənini, emosiyalarını, istəklərini yenidən dinləmək lazımdır. Həyatda kiçik mənalar tapmaq- bir hobbi, dostla söhbət, təbiət gəzintisi bəzən böyük dönüş yarada bilir. Əgər bu hal uzun çəkirsə, mütləq psixoloqa müraciət edilməlidir.

Sonda oxucularımıza nə demək istərdiniz?

– Unutmayaq ki, psixi sağlamlıq ümumi sağlamlığın ayrılmaz hissəsidir. Öz hisslərini görməməzlikdən gəlmək qəhrəmanlıq deyil. Əksinə, onları qəbul edib dəyişmək, yardım istəmək cəsarətdir. Hər kəsin həyatında çətin dövrlər olur, amma bu, son demək deyil. Özünüzü sevərək, anlayaraq və dəstək alaraq həyatınızı dəyişə bilərsiniz.

AzNews.az