Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) parlament diplomatiyasına və Türk Dünyasında dil birliyinin möhkəmləndirilməsinə töhfə verməyi hədəfləyən “Qanun” və “Qamus” adlı iki layihəni həyata keçirib.
APA TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Er məlumat verib.
Onun sözlərinə görə, Türk Dünyasını ortaq rəqəmsal platformada birləşdirən bu layihələr ortaq yaddaşın formalaşdırılmasına da töhfə verməyi qarşıya məqsəd qoyur.
Türk Dünyasında dil birliyini gücləndirmək məqsədilə hazırlanmış bu layihələr parlamentlərarası iş fəaliyyətində ahəngin təmin olunmasına dəstək verəcək, Türk Dünyasının müxtəlif qurumları arasında aparılan yazışmalar, sənəd və qanun tərcümələri, eləcə də elmi mətnlərdə dil dəqiqliyinə töhfə göstərəcək.
TÜRKPA tərəfindən hazırlanmış “Qanun” layihəsi Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistana aid hüquqi mətnləri rəqəmsal mühitdə bir araya gətirərək, istifadəçilərə beş dildə xidmət göstərir. Sistem Türk dili, Azərbaycan türkcəsi, qazax dili, qırğız dili və ingilis dili seçimləri ilə sənədlərdə axtarış, filtrasiya, qeyd etmə və şəxsi iş faylı yaratmaq imkanlarını təqdim edir.
“Qanun” sistemi axtarış və filtrasiya, məlumatların idarə olunması, oxucu ekranı, qeyd etmə, sənəd hazırlama və müqayisəli təhlil kimi funksiyaları istifadəçilərin ixtiyarına verir.
Doqquz dildə müqayisəli lüğət — “Qamus” layihəsi isə Türk dillərinin söz ehtiyatlarını müqayisəli şəkildə araşdırmaq imkanı yaradır. Türk, Azərbaycan türkcəsi, qazax, qırğız, özbək, türkmən, başqırd, tatar və uyğur dillərini əhatə edən bu rəqəmsal lüğət elmi nəzarətdən keçmiş etibarlı mənbələr əsasında hazırlanıb.
Türk Dünyasında xüsusi yerə sahib olan mötəbər lüğətlərlə inteqrasiya da nəzərdə tutulub. Bu məqsədlə istifadə olunacaq mənbələr diqqətlə müəyyənləşdirilir və bir-biri ilə uyğunlaşdırılmış şəkildə “Qamus” sisteminin istifadəçilərinə təqdim olunur.
Bu çərçivədə Türkiyədən “Kubbealtı Vəqfi” tərəfindən nəşr edilən “Misalli Büyük Türkçe Sözlük” ilə inteqrasiya işlərinə başlanılıb. Digər dillər üçün də oxşar əməkdaşlıqlar mərhələli şəkildə həyata keçiriləcək.
Dil birliyini möhkəmləndirməyi, anlayışlarda və terminologiyada vahidlik və standartlaşdırmanı təşviq etməyi hədəfləyən “Qamus” layihəsi axtarış sistemi, çoxlu mənbə dəstəyi, istinad göstəricisi, mənbə və söz əsaslı filtrasiya, söz mənası və göstərici kimi texniki xüsusiyyətlərə malikdir.