NATO-nun baş katibi Mark Rutte, Qəzzədə əldə edilən atəşkəs və girovların dəyişdirilməsi razılaşmasının bölgədə sülh naminə ümidverici bir inkişaf olduğunu bildirib.
Sloveniyada keçirilən NATO Parlament Assambleyasından sonra Sloveniyanın Baş naziri Robert Qolobla birgə mətbuat konfransı keçirən Rutte deyib:
“Prezident Donald Tramp İsraillə HƏMAS arasında atəşkəs və girovların azad edilməsi münasibətilə İsrailə gəlib. Girovlar bu səhər azad edilib. Hamımız bunun baş verməsindən çox məmnunuq. Bu, əla xəbərdir. Hamımız Yaxın Şərqdə sülh və sabitlik görmək istəyirik. Ümid edirəm ki, bu, Rusiyanın Ukraynaya qarşı apardığı bu dəhşətli müharibədən sonra Avropada da sülhün bərqərar olmasına kömək edəcək. Bu prosesi davam etdirəcəyimizə ümid edirəm”.
Ukrayna məsələsində “birlik” çağırışı
Rutte qeyd edib ki, Rusiya Ukraynaya qarşı hücumlarını davam etdirməklə yanaşı, NATO müttəfiqlərinə qarşı zərərli kiber və casusluq əməliyyatları da həyata keçirir:
“Son vaxtlar Rusiyanın Polşa üzərindəki pilotsuz uçuş aparatlarından Estoniyanın hava məkanını pozan qırıcı təyyarələrə qədər təhlükəli davranışlarını müşahidə edirik. Bu məsuliyyətsiz hərəkətlər təhlükəsizliyimizi təhdid edir və ciddi eskalasiya riski yaradır. Bizim sürətli, qəti və ölçülü reaksiyalarımız təkcə müttəfiq torpaqlarının hər qarışını müdafiə etmək imkanlarımızı göstərmir, həm də 1 milyard vətəndaşımızı qorumaq üçün birlikdə hərəkət etmək gücümüzü nümayiş etdirir”.
O əlavə edib ki, Ukraynanın təcili ehtiyac duyduğu 2 milyard dollarlıq hərbi avadanlıq artıq ABŞ vasitəsilə təmin olunub:
“Rusiya Avropa və dünyada sabitliyi pozan qüvvə olaraq qalacaq. Buna görə də hamımızın hərəkətə keçməsi vacibdir”.
Mövsüm,
AzNews.az