“Misirdə keçirilən Sülh Sammiti tarixi əhəmiyyət daşıyır” - Rəşad Bayramov

13 Oktyabr 2025 19:35 (UTC+04:00)

“Şübhəsiz ki, Misirdə keçirilən Sülh Sammiti tarixi əhəmiyyət daşıyır. Bu sammit, həmçinin Donald Trampın sülh planına uyğun olaraq İsrail və HƏMAS arasında əldə olunan razılaşma Yaxın Şərqdə gərginliyin azalacağına dair ümidləri artırır. Sammit müxtəlif regionları təmsil edən ölkə liderlərinin iştirakı ilə də diqqət çəkir. Yaxın Şərqdə və ümumiyyətlə dünyada sülhün bərqərar olmasına daim səmimi şəkildə töhfə verməyə hazır olan Azərbaycan, Türkiyə, dost Pakistan, eləcə də bir sıra ərəb və Avropa ölkələrinin rəhbərlərinin iştirakı müharibənin bitməsi və Qəzzanın gələcək taleyi ilə bağlı nikbinliyi gücləndirir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Xatırladaq ki, Qəzza probleminin simvolik çəkisi getdikcə artır; münaqişə həm dərin insan faciəsini, həm də böyük geosiyasi maraqların toqquşmasını əks etdirir. Misirdə keçirilən Yaxın Şərq Sülh Sammiti isə sadəcə diplomatik görüş deyil, beynəlxalq münasibətlərdə mövqelərin açıq nümayişidir. Sammitdə iştirak və mövqelər göstərir ki, kimlər sülhün və dayanıqlı həllin tərəfdarıdır, kimlər isə bölgədə sabitliyin bərpasında fəal rol oynamağa hazırdır.

Siyasi şərhçi qeyd edib ki, davamlı və qalıcı sülhün təmin olunması tərəflərin üzərlərinə götürdükləri öhdəliklərə nə dərəcədə sadiq qalacaqlarından asılıdır.

“Uzun illər davam edən münaqişə dövründə tərəflər arasında müxtəlif vaxtlarda sülh danışıqları aparılsa və müəyyən razılaşmalar əldə olunsa da, sonrakı addımlar və qərarlar davamlı sülhün təmininə mane olub. Hazırda da İsrailin bütün Qəzza ərazisini tərk edib-etməyəcəyi, HƏMAS-ın silahı yerə qoyub-qoymayacağı, Qəzzanın gələcək idarəçiliyində kimin yer alacağı kimi məsələlər açıq qalır. Bu isə konkret proqnoz verməyi çətinləşdirir. Başqa sözlə, Qəzzada real və uzunmüddətli sülhün təmin edilməsi üçün hələ çox iş görülməlidir. Bununla belə, hazırda mühüm fakt ondan ibarətdir ki, müharibənin dayandırılması ilə bağlı razılaşma əldə olunub. Bu razılaşma Qəzzada insan tələfatının qarşısının alınması, humanitar böhranın azaldılması və bölgədə nisbi sabitliyin bərpa olunması baxımından son dərəcə vacibdir. Təəssüf ki, Sammitə dəvət olunub iştirak edən ölkələrlə yanaşı, dəvəti müxtəlif bəhanələrlə qəbul etməyənlər də oldu. Bu xüsusda İsrail və İranın sammitdə iştirak etməməsi müəyyən suallar doğurur. İsrail baş nazirinin Simxat Tora bayramını bəhanə gətirməsi, İranın isə heç bir səbəb göstərmədən tədbirdən imtina etməsi göstərir ki, hər iki ölkə münaqişənin həllində real maraqlı deyil. İran HƏMAS-la İsrail arasında razılaşmanı özünün əsas proksi qüvvələrindən birinin zəifləməsi kimi qiymətləndirir. İsrail isə Qəzza zolağını tərk etməyin və beynəlxalq ictimaiyyətin diqqətinin Fələstin dövlətinin tanınmasına yönələcəyindən ciddi şəkildə narahatdır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az