Nəşriyyat “Azadlıq“ qəzetinə ultimatum verdi

9 Sentyabr 2013 20:20 (UTC+04:00)
Qəzetin qarşısına həlli mümkün olmayan tələb qoyulub

Bu gün "Azərbaycan" Nəşriyyatının rəhbərliyi növbəti dəfə "Azadlıq" qəzetinə qarşı ultimativ tələb qoyub.

Tələb "Azadlıq" qəzetinin nəşriyyata olan böyük məbləğli borcunun ödənməsi ilə bağlıdır. Borcun bir qisminin (10 min manat) ödənməsi üçün qəzetə cəmi bir gün vaxt verilib. Vaxt sabah saat 15.00-da bitir.

Belə vəziyyətin yaranmasının başlıca günahkarı qəzetə böyük miqdarda borcu olan "Qasid" Yayım Firmasıdır. Firma "Azadlıq"a olan 40 min manatdan artıq borcunu ödəmədiyinə görə qəzet də nəşriyyata olan borcunu qaytara bilmir.

Baş redaktorun birinci müavini Rahim Hacıyev bu gün "Qasid"in rəhbəri ilə əlaqə saxlayıb. Bəlli olub ki, firma qəzetə sabah uzaqbaşı min manat verə bilər. R.Hacıyev nəşriyyatın birdən-birə "Azadlıq"dan bu dərəcədə böyük məbləğ tələb etməsinin təəccüblü olduğunu deyir: "Onlar yaxşı bilirlər ki, bizim bir gün ərzində belə böyük məbləği ödəmək üçün heç bir imkanımız yoxdur. Sanki qəzetin çapını dayandırmaq üçün bəhanə axtarılır. Belə çıxır ki, "Azadlıq"ın çapı sabahdan dayandırılacaq".

AzNews.az