“Günayın nişanlısı şoka düşüb“- qarşı tərəf

9 Sentyabr 2013 21:41 (UTC+04:00)
Metropolitenin işçisi Günay Məmmədovanın ölümündə günahlandıran nişanlısı Rabil Rzayevin tutulduqdan sonra ifadəsinin alınaraq sərbəst buraxılması qarşı tərəfin etirazına səbəb olub.


Qızının qanının yerdə qalmasını istəməyən Hüseyn Məmmədov iddia edir ki, Rabil Pzayev onun qızını maşından çölə ataraq məqsədli şəkildə öldürüb. O, faktın yolda quraşdırılan kameralara düşdüyünü bildirir və məsələ ilə bağlı tədbir görülməsə prezidentə müraciət edəcəyini bəyan edir.

Publika.az qarşı tərəfin mövqeyini öyrənmək üçün Rabil Rzayevlə əlaqə saxlayıb. Lakin o, telefon zənglərinə cavab vermədiyi üçün sualları onun xalasının yoldaşı Muraz Nəsibov cavablandırıb.

- Muraz müəllim, Günayın valideynləri mətbuatda qızlarının Rabil Rzayev tərəfindən öldürüldüyünü iddia edirlər. Amma Rabil Rzayevin tərəfi susur…

- Biz susmuruq. Mətbuatda və televiziyada gedən məlumatlardan xəbərimiz var. Onun atası Hüseyn ağzına gələni danışır. Bu məsələ bizi də narahat edir. Ona görə də mən dəfələrlə Hüseynə dedim ki, Rabili gətirim sizə, birlikdə hər iki tərəf məsələyə aydınlıq gətirək. Rabil danışsın sizə hadisə necə olub. Belə ittihamlarla çıxış etməkdən bir şey çıxmaz. O da əvvəlcə razılaşdı, sonra dedi ki, yox, bizə gəlməsin.

- Siz də mətbuatda gedən iddialarla razılaşmırsınız. Bəs nə etməyi düşünürsünüz?

- İş məhkəmədədir. İstintaqın gedişindən hər şey məlum olacaq.

- Qarşı tərəf iddia edir ki, Rabilin Günayı maşından itələyərək məqsədli şəkildə öldürməsi kameralara düşüb. Amma Rabilin valideynləri görüntülərin üzə çıxmasına mane olur. Bununla bağlı nə deyə bilərsiniz?

- Mən hadisənin kameralara düşüb-düşmədiyini deyə bilmərəm. O, görüntülər kimə lazımdır axı?

- O görüntülər hər kəsə lazımdır. Ən azından faktı ortalığa çıxaracaq. Xüsusilə də istintaqın gedişini yüngülləşdirəcək.

- Deyilənlərdə heç bir həqiqət yoxdur. Onun atası dializ xəstəsidir. Xəstə adamdır, canının hayındadır, polisin işinə qarışa bilməz. O da hamı kimi istintaqın gedişini gözləyir.

- Bəs hadisə necə olub?

- Rabil bizə dedi ki, hadisə zamanı onlar maşında mübahisə ediblər. Sonra da Günay yolun ortasında maşından düşərək deyib ki, mənə 5 saniyə vaxt ver. Qız keçib növbəti yola. Bu zaman Rabil elə bilib ki, o, avtobusla evlərinə gedir. Arxasınca çağırıb ki, gəl səni özüm aparım, niyə avtobusla gedirsən? Bu anda Günay yolun kənarında quraşdırılan dəmiri keçərək özünü qarşıdan gələn BMV X5-in qarşısına atıb. Gördüyü mənzərədən Rabil özünü itirib. Gedib qızın üstündə ağlayıb. Sonra da ətrafa toplaşan polis əməkdaşlarından birinə Günayın atası Hüseynin mobil telefonunun nömrəsini verib ki, qızın atasına xəbər versinlər.

- Bəs mübahisə nə üstündə oldu?

- Sentyabrın 24 –də onların toyu olmalı idi. Rabil Günaya deyib ki, atam xəstədir. Gəl toyun vaxtını dəyişək. Bu zaman Günay əsəbiləşib və onlar dalaşıblar. Günay qorxub ki, birdən Rabilin valideynləri onunla evlənməyə icazə verməz. Ona görə də qız çıxış yolunu özünü maşının altına atmaqda görüb.

- Necə yəni? Bəs Rabil Günaya valideynlərinin razılığı ilə elçi getməyib?

- Valideynlərin razılığı olub. Rabil o qızı sevib, biz də elçi getmişik. Amma inanın səmimiyyətimə ki, qızın ailəli olub, ayrılmasını bilməmişik. Onu bizdən gizlədiblər. Sonra da Rabillə əvvəlcədən kəbin kəsdirib, rəsmi nikaha daxil olmasından xəbərimiz olmayıb. Biz bu xəbəri Günayın üç mərasimində öyrəndik. Hətta toy mərasiminin sentyabrın 24-nə təyin olmasından belə xəbərimiz olmayıb. Belə çıxır ki, qız evi bizdən xəbərsiz kəbin kəsdirib, indi də toy etmək istəyiblər. Belə olmaz axı. Rabilin valideynləri var, onlar övladlarının xeyir işini bilməlidir. Görünür, Rabil də peşman olub. Ona görə qızdan vaxt istəyib ki, toyun tarixini dəyişək. Nəticədə də belə hadisə olub.

- Bəs bu faktları biləndə necə reaksiya verdiniz?

- İnanırsınız, biz hələ şokdayıq? Bu boyda məsələni insan necə gizlədə bilər. Qız gizlədib, Rabil də onunla razılaşıb. Bəs bu qızın valideynləri hara baxıb?

- Günayın valideynlərin deyir ki, hadisə baş verəndə Rabilin avtomobilində Günaydan başqa 3 nəfər də kimlərsə olub.

- Xeyr. Mən bunu Hüseynə də dedim. Bu, mümkün deyil. Çünki Rabil elə oğlan deyildi ki, Günay oturduğu maşına yad adamları əyləşdirsin. Hətta Günayın atası da bu, fikri təsdiqlədi ki, düz deyirsən, çünki, o qızı bir dəqiqə belə gözündən kənara qoymurdu.

- Bəs hadisə baş verəndə Rabil niyə qızı o vəziyyətdə atıb qaçıb?

- Şoka düşüb də. Elə danışırsınız ki. Asandırmı sevdiyi qızın yerə dağılmış tikələrini görmək? Rabil indi də şokdadır, inanın mənə.

Qeyd edək ki, istintaqın gedişi və yekunları ilə bağlı da məlumat almağa çalışdıq. Suraxanı RPİ-nin müstəntiqi Müşfiq Əliməmmədov istintaqın gedişi ilə bağlı heç bir məlumat vermək istəmədi. O, hadisənin kameralara düşdüyünü nə təkzib etdi, nə də təsdiqlədi.

Lakin hadisə yerində olan əməkdaşımızla söhbət edən yol kənarında çalışan Yaşıllaşdırma İdarəsinin əməkdaşları bildirdilər ki, hadisə onların gözünün qarşısında olub. Onların dediklərinə görə, qız yolun ortasında maşından düşərək özünü BMV X5 markalı maşının altına atıb.