“Əslində, artıq inkişaf etmiş dövlətlərdə, yəni təhsil sistemi inkişaf etmiş ölkələrdə dərslikləri xüsusi vacib vasitə kimi qəbul etmirlər. Onlar dərslikləri tədrisin təbii bir hissəsi kimi görürlər. Lakin bu günün şagirdləri 20–30 il əvvəlki şagirdlərdən fərqli olaraq, məsələlərə başqa cür yanaşırlar. Valideynlər daha çox şikayət edir ki, evladlarına dərslərində kömək edə bilmirlər. Bu, yalnız valideynlərin narahatlığı ilə bağlıdır. Bugünkü şagirdlər artıq daha geniş imkanlara malikdirlər və daha çox informasiya əldə edə bilirlər. Ona görə də, dərsliklərin onlar üçün problem yaratdığını, yük və ya psixoloji çətinlik yaratdığını düşünmürəm”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Xatırladaq ki, sistemi və dərs yükünün şagirdlərin psixoloji sağlamlığına təsiri son dövrlər valideynlər və müəllimlər arasında geniş müzakirə mövzusuna çevrilib. Ekspertlərin fikrincə, mövcud tədris proqramı və qiymətləndirmə sistemi uşaqların həm öyrənmə motivasiyasına, həm də psixoloji vəziyyətinə təsir göstərir.
Ekspert qeyd edib ki, zəif şagirdlər üçün dərsi qavrama və mənimsəmə həmişə çətinlik yaradıb, lakin bu artıq dərsliklərin problemi hesab edilə bilməz.
“Bu, ümumi olaraq ayaqlaşa bilməmə problemi ilə bağlıdır. Bugünkü dövrdə internet dünyası var, hər kəsin əlində smartfonlar, planşetlər və kompüterlər mövcuddur. Elmi-texniki tərəqqi təbii olaraq dərsliklərin məzmununa da təsir edəcək. Bu səbəbdən bu gün daha çox valideynlər narahatdır, çünki onlar uşaqlarına dərsdə dəstək ola bilmir. Ümid edirəm ki, gələcəkdə, 5–10 il ərzində, dərsliklərin əksəriyyəti sıradan çıxacaq. Çünki hər kəs artıq beynəlxalq səviyyədə informasiyaya çıxış imkanına malik olacaq və bu dərs və sahələrə olan ehtiyacı azaldacaq. Amma indiki dövrdə dərsliklərin günün tələblərinə uyğun hazırlanması vacibdir. Hələ inkişaf etmiş təhsil ənənəsinə malik ölkələrə çatmamışıq, ona görə də bugünkü günün tələblərinə uyğun dərsliklərin hazırlanmasına ehtiyac hələ də mövcuddur”.
Rəfiqə Namazəliyeva,
AzNews.az