Fərman Qurbanlı: Qarabağda 1 700-dən çox ailə yeni mənzillərə köçürülüb

16 Oktyabr 2025 11:49 (UTC+04:00)

Qarabağda 1 700-dən çox ailə yeni mənzillərə köçürülüb.

Bunu Xankəndidə keçirilən "III Azərbaycan Milli Şəhərsalma Forumu"nda çıxış edən Azərbaycan Dövlət Mənzil İnşaat Agentliyinin (MİDA) aparat rəhbəri Fərman Qurbanlı bildirib.

O deyib ki, Qarabağda həyata keçirilən mənzil layihələri Böyük Qayıdış prosesinin əsas istiqamətlərindən biridir.

“Qarabağ bölgəsində üç layihəmiz uğurla başa çatıb. Füzuli, Cəbrayıl və Xocavənd rayonlarında ümumilikdə 1 700-dən çox ailə yeni mənzillərə köçürülüb,” – deyə o qeyd edib.

F.Qurbanlının sözlərinə görə, layihələr çərçivəsində yalnız yaşayış binaları deyil, həm də sosial infrastruktur yaradılıb: “22 sosial obyektin tikintisinə başlanılıb, onların 16-sı artıq istifadəyə verilib – bunlar 5 məktəb, 9 uşaq bağçası və 2 tibb müəssisəsidir.

O əlavə edib ki, Agentlik ümumilikdə son 9 ildə 18 layihə icra edib, onlardan 8-i üzrə 12 min mənzil tam istifadəyə verilib. Hazırda 4 layihə üzrə tikinti, 3 layihə üzrə isə layihələndirmə davam edir.

AzNews.az