Prezidentin xüsusi nümayəndəsi: Gələn ay Ağdama 900 ailənin qayıdışı gözlənilir

16 Oktyabr 2025 12:18 (UTC+04:00)

Gələn ay Ağdama 900 ailənin qayıdışı gözlənilir.

Bunu Xankəndidə keçirilən "III Azərbaycan Milli Şəhərsalma Forumu"nda çıxış edən Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, Böyük Qayıdış proqramı çərçivəsində yaxın vaxtlarda Ağdama yeni sakinlərin köçürülməsi planlaşdırılır.

“Gələn ay Ağdama ilk 900 ailənin qayıdışı gözlənilir. Bu, Böyük Qayıdış prosesinin növbəti mərhələsidir və hamımız üçün böyük, sevindirici xəbəridir”, – Emin Hüseynov vurğulayıb.

Onun sözlərinə görə, hazırda bölgədə 16 magistral yol (ümumilikdə 600 kilometr) və Bakı–Ağdam dəmir yolu yenidən qurulub, bir beynəlxalq hava limanı isə cəmi 8 ay ərzində istifadəyə verilib.

Xüsusi nümayəndə əlavə edib ki, Ağdamda üç kənddə artıq məskunlaşma başa çatıb, təxminən 4 min nəfər geri qayıdıb.

“Bu insanlar doğma torpaqlarına qayıdıblar, evləri və iş yerləri var. Ən vacibi isə həyat artıq bərpa olunur”, – o qeyd edib.

Hazırda bölgədə iqtisadi cəhətdən aktiv əhali 2 200 nəfərdir, işsizlik səviyyəsi isə 8 faizdən aşağıdır.

“Artıq bilirsiniz ki, Qırmızı Bazar, Sus və Hadrut qəsəbələrində ilk köçlər baş tutub, bu proses ilin sonuna qədər davam edəcək. Biz ümid edirik ki, ilin sonuna qədər 1300-1500 ailənin Xocavənd rayonuna köçünü də təmin edəcəyik və bu proses 2026-cı ildə də davam edəcək. Ümumilikdə bütün layihələrimiz qrafikə uyğun davam edir”, - Emin Huseynov əlavə edib.

AzNews.az