Daxili uşaqla barışmaq: şəxsiyyət bütövlüyünə gedən yol

17 Oktyabr 2025 22:41 (UTC+04:00)

Hər bir insanın içində bir uşaq yaşayır — sevgi istəyən, qəbul edilməyə can atan, qorxuları və arzuları olan bir uşaq. Bu “daxili uşaq” konsepti psixologiyada insanın emosional əsasının, yəni ilk illərdə formalaşmış hisslərinin və ehtiyaclarının simvoludur. Biz böyüyürük, amma bu hissələr bizimlə qalır. Uşaq vaxtı aldığımız sevgi, ya da əksinə, gördüyümüz laqeydlik, qorxu, tənqid və rədd edilmə duyğuları bizim daxili dünyamızda dondurulmuş şəkildə qalır.

Yetkin yaşda yaşadığımız bir çox reaksiya, əslində, bu daxili uşağın qorxularının səslənməsidir. Məsələn, tənqidə qarşı həddindən artıq həssas olmaq, sevilmədiyini hiss etdikdə panikaya düşmək və ya yaxınlıqdan qaçmaq — bunların hamısı uşaqlıqda yaranmış emosional yaraların əks-sədasıdır.

Daxili uşaqla barışmaq, o yaraları inkar etmədən qəbul etmək və şəfqətlə sarmaq prosesidir. İnsan bəzən illərlə özünü tənqid edərək yaşadığı üçün daxili uşağını susdurur, onu “zəif” və “utandırıcı” sayır. Amma əsl şəfa, bu hissləri qəbul etməklə başlayır. Daxili uşağı dinləmək demək, “mən artıq təhlükəsizdəyəm, səni eşidirəm” mesajını verməkdir. Bu, bir növ özünüvalideynləşdirmə prosesidir — yəni uşaqkən almadığın sevgini özünə böyüklük halında qaytarmaq.

Terapiyada bu yanaşma çox işlədilir, çünki insanın emosional bütövlüyü yalnız bu şəkildə bərpa olunur. Bütöv şəxsiyyət olmaq, ağrını silmək yox, onu mənalandırmaqdır. Keçmişi dəyişmək mümkün deyil, amma ona münasibəti dəyişmək mümkündür. Daxili uşaqla barışan insan öz həyatına daha isti, daha səbirli, daha şəfqətli baxır. O, artıq özünü tənqid etməyi deyil, özünü qucaqlamağı öyrənir.

Hər birimizin içində qorxmuş, amma sevgi dolu bir uşaq var. Onu susdurmaq deyil, dinləmək — ruhun azadlığına aparan yoldur.

AzNews.az