Rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

10 Sentyabr 2013 08:26 (UTC+04:00)
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirir.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, imtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə avqustun 18-dən 23-dək aparılıb və 1297 nəfər elektron ərizə doldurub təsdiq etdirib. Onlardan 942-si qız, 355-i oğlandır. Rezidenturada qəbul aparılacaq plan yerlərinin sayı 528-dir.

Rezidenturaya qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçirilir. İmtahanın dünən keçirilən birinci mərhələsində namizədlərin baza ali tibb təhsili istiqamətinə müvafiq olan qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri yoxlanılıb. Bu gün keçirilən ikinci mərhələdə isə ixtisas fənləri üzrə biliklər yoxlanılacaq.

Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 40-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 50-dən az olmamalıdır.

Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılacaqdır. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.

AzNews.az