Şuşa Otel-Konqres Mərkəzi Kompleksində “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı” çərçivəsində iki günlük təlim keçdik. Fasiləsiz öyrənmə tərəfdarı kimi, təlimlərdə böyük məmnunluqla iştirak etdim və səviyyəsindən razı qaldım. Məlum, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin keçirdiyi qrant müsabiqələri yüksək rəqabət şəraitində keçir. Bu rəqabətdə əsas milli donorun gözləntilərini dəyərləndirmək üçün təlimlər son dərəcə faydalı oldu.
Ayın 20-də Şuşadan Xankəndiyə yola düşdük. Xankəndi Konqres Mərkəzində “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu baş tutdu. 300 QHT nümayəndəsinin qatıldığı tədbir Azərbaycan vətəndaş cəmiyyətinin Xankəndi şöləni idi.
Forumda 2022-ci ilin dekabrında başlayan Şuşa-Laçın yolundakı ekoloji aksiyanın çox sayda iştirakçısı da vardı. Faktiki olaraq Laçın Sərhəd Keçid Postunun qurulması ilə nəticələnmiş bu möhtəşəm aksiyanın Xankəndinin azad olunması prosesinə ciddi siyasi və psixoloji təkan verdiyi heç kimə sirr deyil. Qarabağ təbiətinin müdafiəsi üçün başlanan və təbii sərvətlərimizin qanunsuz istismar edilməsinə toplumsal hiddəti ifadə edən uzunmüddətli protest öz məğzinə görə suverenliyin ekoloji manifesti idi. Vətəndaş cəmiyyəti dövlətin siyasətinə qahmar çıxaraq seperatizmin qalıqlarının və rus sülhməramlılarının qarşısında milli iradəni nümayiş etdirirdi. İlk günlərdən aksiyaya qoşulmuş ictimai birlik sədri olaraq deyə bilərəm ki, vətəndaş cəmiyyəti nümayəndələri həmin aksiyada xüsusi fədakarlıq göstərdilər.
Bəli, biz zəfər toplumuyuq.
Öz tarixi zəfərimizi sırf “hərbi qələbə” çərçivəsində saxlamamalı, onu yeni yeni düşüncə sistemi kimi götürməliyik. İkinci Qarabağ savaşının nəticələri cəbhə xəttindən çoxdan çıxıb və artıq həyatın bütün sahələrinə- iqtisadiyyata, təhsilə, elmə, mədəniyyətə daşınmalıdır. Hərbi qələbə nəticəsində torpaqlarımızı azad etmişik, azadlığın davamı zəfərin yeni nailiyyətlərə transformasiya olunmasını şərtləndirir.
Zənnimcə, tədbirdəki çıxışlar bu baxımdan diqqətə layiq idi, həm Şuşada, həm də Xankəndidəki tədbirlərdə vətəndaş cəmiyyətinin özünəinamına və yenidənqurma enerjisinə xitab edən nitqlər söyləndi.
Düşünürəm ki, bir zəfər toplumu olaraq qarşımızda yeni vəzifələr durur:
• Qələbənin mənəvi enerjisini institusional dayanıqlığa çevirmək;
• QHT-ləri “qrantyeyənlər” imicindən xilas edib, milli həmrəyliyin ictimai sütununa çevirmək;
• “Vətəndaş diplomatiyası” vasitəsilə Azərbaycanın beynəlxalq imicini möhkəmləndirmək;
• Və ən əsası- suverenliyin sosial təməlini gücləndirmək.
Bu mənada Şuşada və Xankəndidə keçirilən tədbirlər “postmüharibə dövrünün vətəndaş cəmiyyəti” konsepsiyasının inkişafı baxımından xüsusi önəm daşıyırdı. Bu önəmin içində bir xüsusi nüans da var ki, onu mütləq vurğulamalıyam: Qarabağ hərbi münaqişə zonasından inzibati məkana çevrildi, bu gün isə ictimai dirçəliş, sosial tərəqqi zonasıdır. QHT-lərin məhz Şuşada və Xankəndidə toplanması Azərbaycanın vətəndaş cəmiyyətinin bərpa və reinteqrasiya prosesinə töhfə vermək niyyətinin ifadəsidir.
Başqa sözlə bu o deməkdir ki, Qarabağda təkcə genişmiqyaslı inşaat işləri görülmür, eyni zamanda ictimai institutlaşma prosesi də gedir.
Dövlət infrastrukturu, QHT-lər dəyərləri bərpa edir.
Bu mənada həm respublika, həm də regional səviyyəli QHT-lərin üzərində böyük bir məsuliyyət var- azad Qarabağ vətəndaş cəmiyyətinin intellektual mərkəzinə, təşəbbüs laboratoriyasına çevrmək!
Taleh Şahsuvarlı,
“Pragma” İctimai Birliyinin sədri