Sərkisyan avropalı deputatların qarşısında çıxış edəcək

10 Sentyabr 2013 09:06 (UTC+04:00)
Avropa Şurası Parlament Assambleyası sentyabrın 30-dan oktyabrın 4-dək keçiriləcək payız sessiyasının gündəliyini açıqlayıb.

Sessiyanın ilk günü qurumun prezidenti Jan-Klod Minyonun, büro və daimi komitənin hesabatları dinləniləcək, prezident müavinləri seçiləcək, 2013-cü il iyunun 23-də Albaniyada keçirilmiş parlament seçkisinin nəticələri müzakirə olunacaq. Həmin gün Nazirlər Komitəsinin sədri hesabat verəcək.

Sessiyada milli təhlükəsizlik və informasiyaya giriş məsələsi ətrafında müzakirələr aparılacaq, Avropa Şurasının baş katibi çıxış edəcək, Bosniya-Herseqovinada demokratik təsisatların fəaliyyəti və Moldavanın Avropa Şurasına üzv olarkən götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vəziyyəti müzakirə olunacaq.

"Avropada münaqişələr zamanı itkin düşən insanlar: bəşəriyyətin cavab tapmasının uzun yolu", "Ərzaq təhlükəsizliyi", "Avropada media institutlarının gücləndirilməsi" və digər mövzularla bağlı məsələlər də gündəlikdə durur.

Sessiyanın gedişində Ermənistan prezidenti Serj Sərkisyanın çıxışı da nəzərdə tutulub.( AzərTAc)