NEQSOL Holding-in tərkibindəki Vodafone Ukrayna şirkətinin Vodafone Group ilə birgə həyata keçirdiyi Kardesa sualtı kabel sistemi layihəsi Qara dəniz regionunda rəqəmsal infrastrukturun strateji inkişafında mühüm addım kimi qiymətləndirilir. Layihə Bolqarıstan, Türkiyə, Gürcüstan və Ukraynanı birləşdirəcək yeni marşrutlarla internet bağlantısının dayanıqlılığını və sürətini artırmaqla yanaşı, 5G, süni intellekt (AI), striming və Əşyaların İnterneti (IoT) kimi texnologiyaların genişlənməsi üçün əsas infrastrukturu formalaşdıracaq. Saniyədə 500 terabitdən çox ötürmə qabiliyyətinə malik bu sistem Qara dəniz regionunu qlobal rəqəmsal iqtisadiyyatın dayanıqlılığı baxımından daha etibarlı hala gətirəcək.
Kardesa layihəsi həm regional, həm də qlobal kontekstdə strateji əhəmiyyət daşıyır. Hazırda beynəlxalq internet trafikin təxminən 97–98%-i sualtı kabel sistemləri vasitəsilə həyata keçirilir, bu isə hər yeni marşrutun qlobal rəqəmsal iqtisadiyyat üçün dayanıqlılıq və təhlükəsizlik baxımından kritik olduğunu göstərir. Bu baxımdan Kardesa sistemi Avropa və Asiyanı birləşdirən yeni rəqəmsal bağlantı marşrutları yaratmaqla regionda informasiya axınının şaxələndirilməsinə, potensial kiberrisklərin azaldılmasına və rəqəmsal infrastruktura olan etimadın artırılmasına imkan verəcək.
Layihənin icrasına 100 milyon avrodan çox investisiya ayrılması, həmçinin Xtera şirkəti kimi sualtı kabel texnologiyalarında dünya lideri olan tərəfdaşın iştirakı, texnoloji və maliyyə etibarlılığının yüksək səviyyədə təmin olunmasını göstərir. Bu, həm də regionda yüksək texnologiyalara dayalı investisiya mühitinin formalaşmasına, innovativ təşəbbüslərin sürətləndirilməsinə və ticarət əlaqələrinin genişlənməsinə təkan verəcək. İlk qoşulmanın 2027-ci ildə Bolqarıstanda həyata keçirilməsi planlaşdırılır, daha sonra isə digər iştirakçı ölkələrdə bağlantıların qurulması nəzərdə tutulur ki, bu da layihənin mərhələli və koordinasiyalı şəkildə həyata keçirildiyini göstərir.
Rəqəmsal iqtisadiyyatın inkişaf perspektivləri baxımından Kardesa layihəsi Azərbaycanın və ümumilikdə Qara dəniz regionunun innovasiya və texnologiya sahəsindəki mövqeyini gücləndirir. Yeni kabel sistemi region ölkələrində internet xidmətlərinin sürət və etibarlılığını artırmaqla bərabər, rəqəmsal transformasiyanın sürətləndirilməsinə, startap ekosistemlərinin genişlənməsinə və yüksək texnologiyalı iş yerlərinin yaradılmasına da şərait yaradacaq. Həmçinin, beynəlxalq internet marşrutlarının diversifikasiyası, kiber təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və qlobal şəbəkə etibarlılığının təmin edilməsi, regionun rəqəmsal dayanıqlılıq indekslərinin yüksəlməsinə xidmət edir.
Kardesa layihəsi strateji baxımdan həm də enerji və telekommunikasiya sektorlarının inteqrasiyasını dəstəkləyir, bu da NEQSOL Holding-in müxtəlif sahələrdə fəaliyyət göstərən beynəlxalq şirkət qrupunun uzunmüddətli dəyər yaradılmasına yönəlmiş investisiya strategiyası ilə uyğunluq təşkil edir. Layihə Avropa-Asiya marşrutlarını əhatə edən yeni infrastrukturun təşkili ilə ticarət və texnoloji əməkdaşlığı gücləndirir, region ölkələrini qlobal rəqəmsal iqtisadiyyatın əsas oyunçularından birinə çevirir.
Ümumilikdə, Kardesa sualtı kabel sistemi Qara dəniz regionunda rəqəmsal infrastrukturun möhkəmləndirilməsi, qlobal internet trafikinin diversifikasiyası və yüksək texnologiyalı investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli strateji layihədir. Bu təşəbbüs Avropa və Asiyanı birləşdirən yeni nəsil rəqəmsal əlaqələrin qurulması, innovasiyaların sürətləndirilməsi və regional iqtisadi inkişafın dəstəklənməsi üçün mühüm təməl yaradır.
Nuray,
Aznews.az