Azərbaycanda həbsxanada vəziyyət nəzarətdən çıxıb

10 Sentyabr 2013 09:24 (UTC+04:00)
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 2 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) rejimə nəzarəti itirib.

Bu barədə "Bizim Yol"a məlumatlı mənbədən xəbər daxil olub. Xəbərdə bildirilir ki, Penitensiar Xidmət bu CÇM-ə daxili qoşun qüvvələrinin yeridilməsini planlaşdırır. 2 saylı CÇM-də belə bir vəziyyət rəis dəyişikliyindən sonra başlayıb. Bir neçə il əvvəl burada sabiq rəis Nahid Xəlilov 17 saylı CÇM-in sabiq rəisi Eyvaz Əsgərovla əvəzlənib. Yeni rəisin təyinatından sonra "zon"da əvvəlcə sərt qaydalar tətbiq edilib.

Bundan sonra Eyvaz Əsgərov 2 saylı CÇM-də "oğru vəziyyəti"nin yaradılması üçün bir qrup dustaqla danışıqlara başlayıb, "vəziyyət"in qurulması üçün aylıq "haqq" təyin edilib. Amma "vəziyyət" qurulandan az sonra dustaqlar arasında narazılıq artmağa başlayıb. Bu yaxınlarda isə dustaqlar arasında "zon"da hökm sürən "oğru vəziyyəti"nə etimadsızlıq dalğası baş qadırıb. Adətən, dustaqlar cəza çəkdikləri "zon"da "oğru vəziyyəti"nin olmasını arzulasalar da, bu dəfə situasiya fərqli alınıb. Böyük bir qrup dustağın fikrincə, hazırda "zon"da mövcud olan vəziyyət heç də "oğru vəziyyəti" deyil və bu, daha çox "poqon"ların nəzarətində olan bir "vəziyyət"dir. Elə buna görə də bir qrup dustaq qanuni oğrulara 2 saylı CÇM-də baş verənlərlə bağlı "kurs qoyublar" (yəni onları məlumatlandırıblar). Bu günlərdə isə qanuni oğruların "zon"da yaranmış durumla bağlı "proqon"u CÇM-ə daxil olub ("proqon" qanuni oğruların hər hansı mövzuda qəbul etdikləri qərardır).

"Proqon"da bildirilir hazırda 2 saylı "zon"da mövcud olan "vəziyyət"in oğru aləminə heç bir dəxli yoxdur.

Bundan sonra "zon"da durum daha da gərginləşib. Dustaqlar hazırda mövcud olan "vəziyyət"in təsisatlarına başçılıq edən dustaqları tanımaqdan imtina edirlər, "vəzifəlilər" isə "vəziyyət"i təhvil vermək istəmirlər. Mənbə bildirir ki, belə situasiyalarda qiyam ehtimalı artır. Ədliyyə personalı qiyamı önləmək üçün dustaqlarla ifrat dərəcədə ehtiyatla davranırlar, rejim qaydalarına qayıdış böyk riskə çevrilir və bu üzdən daxili qoşun qüvvələrinin "zon"a yeridilməsi zərurəti yaranır.

Hər hansı "zon"a daxili qoşunların yeridilməsi proseduruna gəlincə, bu, aşağıdakı kimi baş verir: Penitensiar xidmət daxili qoşunların rəhbərliyinə müraciət edir, "zon"da fəallığı ilə seçilən 50-60 dustağın siyahısı daxili qoşun qüvvələrinə təqdim edilir. Bundan sonra əvvəlcədən hazırlanan məxfi plana əsasən heç kimin gözləmədiyi anda daxili qoşunlar "zon"a daxil olur. Bu andan etibarən həmin "zon"da idarəçilik tam olaraq daxili qoşunların əlinə keçir. Bu reyd bir və ya bir neçə gün davam edə bilər.

Azərbaycanda CÇM-lərə daxili qoşunların yeridilməsi proseduru bütün hallarda ifrat zorakılıqla müşayiət olunur. Adətən, belə prosedurdan sonra ölüm halları da baş verir, lakin ölümün əsl səbəbləri ört-basdır edilir. Əvvəllər də 2 saylı CÇM-ə daxili qoşun qüvvələri yeridilib. 2007-ci ildə "oğru vəziyyəti"nin dağıdılması üçün 2 saylı "zon"a yeridilən daxili qoşun qüvvələrinin zorakı davranışı hələ də heyrətlə xatırlanır. O zaman daxili qoşunlar səhər saat 5-00 radələrində "zon"a daxil olublar. Xüsusi hazırlanmış itlərlə "zon"a daxil olan qoşun qüvvələri yataqxanaların yerləşdiyi hər üç korpusu mühasirəyə alıblar. Daha sonra 1200-dək dustağı korpusların qarşısındakı meydançaya yığıblar. Vahimə yaratmaq üçün əvvəlcə dəyənəklərlə sağa-sola qarşılarına çıxan istənilən dustağı qanına qəltan ediblər. Həmçinin itlərin dişindən keçirilən dustaqlar da olub. Daha sonra dustaqlara dizi üstə çökmək əmri verilib. Cinayət aləmində "poqon"ların əmrinə əməl edib dizi üstə çökmək "əskiklik" sayıldığına görə xeyli sayda dustaq əmrə tabe olmaqdan imtina edib. Sonra qoşun qüvvələri "zon"un çıxışına qədər hər iki tərəfdən düzülməklə təxminən 150 metr uzunluğunda "dəhliz" düzəldiblər və "əyilməz" dustaqları qışın şaxtasında alt paltarlarınadək soyundurub həmin "dəhliz" boyunca "zon"un çıxışına tərəf qovublar. "Dəhliz" boyunca hərəkət edən dustaqları fasilə vermədən vəhşicəsinə dəyənəklərlə vurublar. Artıq "zon"un çıxış həyətində onları gözləyən xüsusi maşınlara çatanadək bir çox dustaq huşunu itirib. Sonra onları qana boyanmış halda 3 saylı İxtisaslaşdırılmış Cəzaçəkmə Müəssisəsinə (Penitensiar Xidmətin Vərəm Dispanserinə) aparıblar və orada karser kameralarına yerləşdiriblər. Bir neçə gün ərzində onları orada saxlayıblar ki, "təbii" yolla saf-çürük edə bilsinlər. Həmin müddətdə dəyənək zərbələrindən yaranan daxili qanaxma nəticəsində ölən dustaqlara "vərəm" diaqnozu ilə ölüm aktı tərtib edilib, vəhşi hücumdan sağ çıxanları isə məhkəmə qarşısına çıxarıb barələrində cəzasının müəyyən hissəsini Qobustan qapalı tipli həbsxanasında çəkmək barədə qərar çıxarıblar.

Mənbə iddia edib ki, bu dəfə yenidən həmin "zon"u eyni tale gözləyir. CÇM rəisləri isə adətən, bu situasiyadan istifadə edib qərəzli olduqları bəzi dinc dustaqların da adlarını daxili qoşunlara verirlər.

Mənbənin sözlərinə görə, hazırda Penitensiar Xidmət bu reydin indi, yoxsa prezident seçkilərindən sonra həyata keçirilməsi üzərində baş sındırır. Daxili qoşunların "zon"a yeridilməsi böyük səs-küyə səbəb olacağı qaçılmazdır və seçki ərəfəsində buarzuolunmazdır, ona görə də ehtiyatlanmalar var.

AzNews.az