“Azərbaycan–Qazaxıstan əlaqələri yeni mərhələyə qədəm qoyur” - Şəbnəm Həsənova

22 Oktyabr 2025 20:23 (UTC+04:00)

"Cənab Prezident İlham Əliyevin 20-21 oktyabr tarixlərində Qazaxıstana reallaşdırdığı dövlət səfəri iki ölkə arasında münasibətləri möhkəmləndirməklə yanaşı, regionun iqtisadi inkişafı və qlobal siyasi mənzərəyə də mühüm töhfə verir. Səfər, xüsusilə Çini və Mərkəzi Asiya ölkələrini Avropa ilə birləşdirən strateji əhəmiyyətli Orta Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində regional və qitələrarası ticarətin gücləndirilməsinə xidmət edir. Azərbaycan-Qazaxıstan münasibətləri yalnız ikitərəfli əməkdaşlıq deyil, həm də bütün türkdilli dövlətlər arasında əlaqələrin dərinləşdirilməsi baxımından əhəmiyyətlidir. Türkiyə-Azərbaycan modeli kimi möhkəm qardaşlıq münasibətləri, hazırda türkdilli dövlətlər səviyyəsində də uğurla təzahür edir. Cəmiyyətlər və dövlətlər arasında bu yaxınlıq həm həqiqi, həm də təbii cazibə qüvvəsi yaradır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Qeyd edək ki, Azərbaycan-Qazaxıstan münasibətləri son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və iki ölkə arasında qarşılıqlı etimad həm siyasi, həm də iqtisadi əməkdaşlığın əsasını təşkil edir. Cənab Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində həyata keçirilən görüşlər və danışıqlar, tərəflər arasında etimadın güclü olduğunu bir daha nümayiş etdirdi.

Politoloq bildirib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Azərbaycan Prezidenti İlham Əliyev arasındakı etimad strateji tərəfdaşlığın əsasını təşkil edir.

"Tokayev Azərbaycanı Qazaxıstan üçün xüsusi və qardaş dövlət adlandırıb. İlham Əliyevin Qazaxıstan Prezidentini Azərbaycana dəvət etməsi isə qarşıda görüləcək layihələrin önəmini və səmimiyyət üzərində qurulmuş münasibətləri göstərir. Müntəzəm yüksək səviyyəli dialoq, ikitərəfli əlaqələrin aktiv və proqnozlaşdırıla bilən olmasını təmin edir, qərarların qəbulunu sürətləndirir və birgə layihələrin həyata keçirilməsini asanlaşdırır. Səfərin əsas mövzularından biri Orta Nəqliyyat Dəhlizinin inkişafı olub. Bu layihə nəqliyyat-logistika sahəsini aşaraq, regionun strateji əhəmiyyətini gücləndirir və qlobal yükdaşıma sistemində Azərbaycan və Qazaxıstanın rolunu artırır. Həmçinin iki ölkə ağıllı texnologiyalar, rəqəmsal platformalar və kibertəhlükəsizlik sahələrində birgə təşəbbüslərlə yeni perspektivli bazarlar açmaq və investisiyaları cəlb etmək imkanlarına malikdir. Qazaxıstan-Azərbaycan əməkdaşlığı kənd təsərrüfatı, neft-kimya və maşınqayırma sektorlarında da geniş perspektivlər yaradır, ticarətin artırılması ilə yanaşı, xarici risklərə və qlobal bazar dalğalanmalarına qarşı dayanıqlığı gücləndirir. Səfər həm siyasi dialoqun yüksək səviyyəsini təsdiqlədi, həm də nəqliyyat, enerji, rəqəmsal transformasiya və sənaye sahələrində əməkdaşlığın daha da dərinləşəcəyini göstərdi. Beləliklə, Azərbaycan Prezidentinin Qazaxıstana səfəri iki ölkə arasındakı münasibətlərin ənənəvi tərəfdaşlıqdan çıxaraq, bütün türk regionunun inkişafında sistem formalaşdıran strateji amilə çevrildiyini təsdiqlədi və həm Qazaxıstan, həm də Azərbaycanın iqtisadi və geosiyasi imkanlarını genişləndirdi".

Rəfiqə Namazəliyeva,

AzNews.az