“Ümumiyyətlə, sosial medianın imkanlarının genişlənməsi və insanların getdikcə daha çox yeni sosial media vasitələri ilə yazışması və ünsiyyət qurması halları artdıqca, təbii ki, ev telefonlarından istifadə statistikasının azalması da müşahidə olunur. Eyni zamanda sosial amillər, məsələn, insanların yeni mənzillərə köçməsi və bu mənzillərdə ev telefonlarının çox vaxt olmaması da əhalinin ev telefonlarından istifadə göstəricilərinin azalmasına təsir edən əsas faktorlardandır. Məsələn, şəhər mərkəzlərində bir çox köhnə mənzillərin sökülməsi və insanların yeni mənzillərə köçməsi halları var. Bu mənzillərdə ev telefonlarının çox vaxt olmaması, statistikanın azalmasına səbəb olan əsas amillərdəndir. Bütünlükdə isə insanlar əvvəllər daha çox bir-birilə danışmaq, hal-əhval tutmaq və s. kimi ünsiyyət formalarında ev telefonlarından istifadə edirdilər. İndi isə mobil telefonların və sosial medianın, o cümlədən Twitter və WhatsApp kimi platformaların rolu artıb və insanlar danışıq üçün bu vasitələrə üstünlük verirlər”.
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
Qeyd edək ki, Azərbaycanda ev telefonlarından istifadənin sürətlə azalması sosial mediada müzakirələrə səbəb olub. Mütəxəssislər bildirirlər ki, bu proses yaxın gələcəkdə kütləvi imtina və ya ev telefonlarının tamamilə ləğv edilməsi ilə nəticələnə bilər. Ötən il ölkədə sabit şəbəkə telefonlarının ümumi sayı 1 milyon 175 min olub ki, bunun 1 milyon 95 min 200-ü mənzillərdə quraşdırılmış telefonlardır. Halbuki 2023-cü ildə bu göstərici 1,4 milyon nəfər təşkil edirdi. Beləliklə, cəmi bir il ərzində təxminən 230 min insan ev telefonlarından istifadədən imtina edib.
Sosioloq bildirib ki, bunun effekti kifayət qədər böyükdür və insanlar bu ünsiyyət formalarını yenilik kimi qəbul edərək üstünlük verirlər.
"Hətta yaşlı nəsil də artıq mobil cihazlardan, smartfonlardan istifadə etməyə başlayıb. Video danışıqlar və müasir ünsiyyət vasitələri ev telefonları ilə müqayisədə daha çox üstünlük qazanır. Təbii ki, bu statistikanın artan xətlə davam edəcəyi gözlənilir və inanmıram ki, bu vəziyyət hansısa təhlükəsizlik və ya sosial problemlərə səbəb ola bilər. Sosial problem baxımından müəyyən dərəcədə mobil telefonların abunə haqları və ailə xərcləri mövcuddur ki, bunlar ev telefonları provayderləri üçün müəyyən iqtisadi çətinliklər yarada bilər. Lakin bütünlükdə bu vəziyyətin geniş sosial və ya təhlükəsizlik problemlərinə yol açmaq ehtimalı yoxdur. Bütün demoqrafik göstəricilər üzrə, hətta yaşlı nəsil də müasir texnologiyalardan istifadə etməyə başlayıb. İnsanlar ünsiyyətin böyük hissəsini sosial medianın müasir imkanları vasitəsilə həyata keçirir və buna daha çox üstünlük verirlər. Eyni zamanda yeni mənzillərə köçən insanlar üçün mənzil şəraiti də statistikaya təsir edir; məsələn, yeni tikililərdə ev telefonlarının olmaması bu göstəricilərin azalmasına səbəb olan amillərdəndir".
Rəfiqə Namazəliyeva,
AzNews.az