“Trampla Putinin planlaşdırdıqları görüş ləğv edilməyib. Əvvəlcədən dəqiq müddət müəyyən olunmamışdı. İki həftə ərzində deyilmişdi, ancaq bu görüşün iki həftə ərzində baş tutmaq ehtimalı yoxdur. Səbəb Trampla Putinin mövqeləri arasındakı fərqdir. ABŞ prezidenti hesab edir ki, indiki atəş xəttində tərəflər dayanmalıdırlar, atəşkəs elan olunmalıdır və danışıqlar başlamalıdır. Putin danışıqları atəşkəs elan olunmadan aparmaq istəyir, çünki cəbhə xəttində vəziyyət onun xeyrinədir. Ağır-ağır da olsa irəliləyir və yeni ərazilər işğal edib, danışıqlarda əlini möhkəmləndirmək istəyir. Bundan sonra nə baş verəcək? Hər şey Trampın tutacağı mövqedən asılıdır. Ukraynaya yardımları artırıb, onun cəbhədə irəliləməsini təmin etmək imkanları var. Ancaq bu halda sülh sazişinin imzalanması illərlə uzana bilər. Üstəlik, Amerika Birləşmiş Ştatları Ukraynaya yardım etmək istəmir. Avropaya silah satıb onun Ukraynaya göndərilməsini planlaşdırır. Avropada təkbaşına tələb olunan səviyyədə silah almaq gücü yoxdur”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin təklifi ilə yaxın zamanda Macarıstanda keçirilməsi planlanan görüşdən imtina edib. O, mənasız görüş istəmədiyini və bu barədə hələlik heç bir qərarın qəbul olunmadığını bildirib. Trampın açıqlamalarından sonra NATO-nun Baş katibi Mark Ruttenin ABŞ-a səfər edəcəyi və onun Avropa İttifaqı və Ukrayna ilə eyni mövqedə olmasına çalışacağı bildirilir.
Siyasi şərhçi bildirib ki, Tramp Putinin müəyyən qədər nazı ilə oynamağa məcburdur ki, qısa müddətdə sülhə nail olmaq mümkün olsun.
"Və elə son bəyanatında deyir: “Səkkiz müharibəni dayandırdım, doqquzuncu artıq yetişməkdədir”, yəni əmindir ki, Ukrayna müharibəsini də dayandıra bilər. Yaxın günlərdə bunun üçün Putinlə dil tapmaq məcburiyyətindədir. Bu səbəbdən NATO baş katibinin əvvəlcədən planlaşdırılan səfəri heç nəyi dəyişdirməyəcək. Tramp atəşkəs olmadan Putinin görüş təklifini qəbul etmək məcburiyyətində qalacaq və son nəticədə Alyaskada razılaşdırılmış planın Zelenskiyə qəbul etdirilməsi üçün təzyiqlər göstərəcək. Qısa müddətdə sülhə nail olmağın yolu budur və Tramp da bunu istəyir. Bu il, ən geci gələn ilin əvvəlində sülhü təmin etmək istəyir ki, 2026-cı il Nobel Sülh mükafatını ala bilsin".
Rəfiqə Namazəliyeva,
AzNews.az