ŞOK:Lənkəranskinin Türkiyədə öldürdüyü "iş adamı" "Qoca" imiş - YENİLƏNDİ

10 Sentyabr 2013 11:38 (UTC+04:00)
Onun başına 5 milyon qoyulub


11:34
"Haberturk" saytı Türkiyə MİT-ində olan qaynaqlara istinadən, ilginc məlumat yayıb. Sayt azərbaycanlı iş adamı Əli Həmidovun 2013-cü ilin 17 avqustda İstanbulun Baxçaşəhər bölgəsində lüks bir binanın hovuzunda döyüldükdən və işgəncələrə məruz qaldıqdan sonra güllələnərək öldürülməsini araşdırıb.

Qətli binanın mühafizəsini aldadıb minibusla içəri girən 6 şəxs törədib. Qatillər iş adamı Əli Həmidovun yanındakı sevgilisi Asiyət Alaşovanı da ağır yaralayıb və bir anın içində yoxa çıxıblar.

Ağır yaralanan Asiyət Alaşovanın ilk yardımdan sonra özünə gələndə türk polisinə verdiyi ifadəsində ən önəmli ipucu əldə edilib. Alaşova Həmidovun son nəfəsində "Rövşən" adını qulağına pıçıldadığını deyib.

Qumarla qazanılan milyonlar

Alaşova məşhur kriminal avtoritet Rövşən Lənkranski ilə bağlı polisə bu məlumatları verib: "Əli bir neçə il əvvəl narkotik cinayətinə görə Rusiyada həbs olunmuşdu. Türmədə daha əvvəldən tanış olduğu Azərbaycan əsilli kriminal avtoritet Rövşən Lənkəranski ilə birlikdə qumar oynayıb. İkisi birlikdə çoxlu pullar qazanıblar. Əli 7-8 ay sonra həbsdən çıxdı. Amma bir müddət sonra arxasınca adamlar düşdü və qumarda uduzulan pullarını istəməyə başladılar. Axırıncı dəfə ona zəng vuran Rövşən Lənkəranskiyə Əli, "Bütün qumar pullarını uşaq evlərinə verdim, məndə pul yoxdu", - dedi. Sonra təhdidlər almağa başladı. İyul ayında Türkiyəyə gəldik. Məqsədimiz iş yeri açmaq idi. Vurulanda Əlinin başını qucağıma aldım. Son nəfəsində "Rövşən" dedi".

Lənkəranskinin başına 5 milyon

Türk polisinin apardığı istintaqda bir nömrəli şübhəli Rövşən Lənkəranskidir. Araşdırma nəticəsində Lənkəranski ilə bağlı maraqlı məlumatlar əldə olunub. Rusiya mafiyasının ən önəmli adlarından olan Lənkəranskinin başına bəzi mafiya qrupları tərəfindən 5 milyon dollar qoyulub. 16 Aprel 2013-cü ildə "rus mafiyasının atası" kimi tanınan kürd əsilli Ded Xasanın (Aslan Usoyan) qatili kimi də Lənkəranski günahlandırlır. Lənkəranskinin başına milyonlar bu hadisədən sonra qoyulub.

Lənkəranskiyə kim yardım edib?

"Haberturk"un bu müdhiş iddiası isə Azərbaycanda bomba effekti yarada bilər. Sayt Türkiyə polisindəki qaynaqlarına dayanaraq, Lənkəranskinin Həmidovu Qafar adlı azərbaycanlı kəşfiyyatçının əliylə tapdığını yazır.

Bildirilir ki, Qafaq adlı kəşfiyyatçı Əli Həmidovun yerini müəyyənləşdirib və bundan sonra Lənkəranski İstanbula gəlib. Əməliyyat planını da Qafarın hazırladığı iddia edilir.

(Xəbər "Axar.az"dan gəlir)

***
AzNews.az-ın araşdırması nəticəsində məlum olub ki, "Haberturk"un "iş adamı" kimi təqdim etdiyi Əli Həmidov əslində, "Qoca" ləqəbli Əlibala Həmidovdur. Əgər türk polisinin yaydığı məlumat doğru olsa, yəni "Qocanın" Lənkəranski tərəfindən öldürülməsi təsdiqlənsə, bu, kriminal aləmdə şok effekti yarada bilər.

Xatırladaq ki, "Qocanın" ölmü ilə bağlı xəbəri AzNews.az avqustun 19-da Rusiyanın məşhur "Прайм Крайм" agentliyinə istinadən xəbər vermişdi. Qoca Bakinski kimi tanınan "qanuni oğru"nun Ded Xasanın klanı və Rövşən Lənkəranskinin tərəfdarları arasındakı mübarizənin qurbanı olduğu bildirilirdi.

Azər