"Belə hallarda yardım imkanları və müdafiə mexanizmləri mövcuddur. Onlardan biri “102” xidməti, digəri isə “116111” qaynar xəttidir. Bu qaynar xətlər vasitəsilə vətəndaşlar təcili yardım, hüquqi və psixoloji dəstək, eləcə də təhlükəsiz yerə yerləşdirilmə ilə bağlı məlumat ala bilirlər. Hazırda ölkə üzrə 9 sığınacaq fəaliyyət göstərir və onlardan 5-i QHT-lərin nəzdindədir. Bu sığınacaqlarda zorakılıqdan zərər çəkən qadın və qızlara psixoloji, hüquqi, sosial və təhlükəsizlik xidmətləri göstərilir. Hər bir mərkəzdə qadınların və uşaqların təhlükəsizliyi üçün zəruri şərait yaradılıb, mütəxəssislər onların sosial reabilitasiyasına və yeni həyata adaptasiyasına yardım göstərirlər".
Bu fikirləri Aznews.az-a açıqlamasında qadın hüquqları müdafiəçisi və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Azərbaycan cəmiyyətində son illər ailə və məişət zəminində baş verən faciələrin, xüsusilə gənc qızların zorakı evlilik və ailə təzyiqləri səbəbindən həyatına son qoyması hallarının sayı artmaqdadır. 19 yaşlı Ləman Məmmədlinin intiharı da bu hallardan biridir. Məlumata görə, ailədaxili mübahisə “gəlinliyin açıq-saçıq olması” bəhanəsi ilə başlayıb. Ləmanın yazışmalarından görünür ki, o, ailəsinin təzyiqi ilə, istəmədiyi halda evlənib. Bu təzyiq onun psixoloji vəziyyətinə təsir göstərib və nəticədə həyatına son qoyması ilə nəticələnib.
O qeyd edib ki, bütün bu imkanlara baxmayaraq, əsas problem qadınların və qızların çox vaxt köhnə stereotiplərə boyun əyməsi, zorakılığa susmaqla cavab verməsi və yardım istəməyə çəkinməsidir.
"Cəmiyyətin “ailə məsələsinə qarışmaq olmaz” kimi köhnəlmiş yanaşmaları, eləcə də “ayıb olar”, “səbir elə” düşüncələri bir çox qadınların taleyini faciə ilə nəticələndirir. Halbuki belə vəziyyətlərdə susmaq, əslində, zorakılığa razılıq vermək deməkdir. Unutmaq olmaz ki, yerli icra hakimiyyətləri nəzdində Zorakılıqla Mübarizə üzrə Komissiyalar fəaliyyət göstərir və bu qurumlar da zorakılıq qurbanlarına hüquqi və sosial dəstək göstərmək üçün nəzərdə tutulub. Qadınlar bu qurumlara, eləcə də sığınacaqlara müraciət etməklə, həm özlərini, həm də övladlarını qorumaq imkanına sahibdirlər. Yəni bu gün Azərbaycanda qadınların zorakılıqdan qorunması üçün qanuni, institusional və ictimai imkanlar mövcuddur. Sadəcə, bu imkanlardan xəbərdar olmaq, onlardan istifadə etmək və müraciət etmək üçün cəsarətli olmaq lazımdır. Qadınlar anlamalıdırlar ki, zorakılığa susmaq çıxış yolu deyil — çıxış, kömək istəmək və öz həyatına sahib çıxmaqdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az