“Vaşinqtonla Karakas arasında hərbi toqquşma riski artır” - Elçin Xalidbəyli

24 Oktyabr 2025 19:29 (UTC+04:00)

“Venesuela uzun illərdir ABŞ-ın hədəfində olan dövlətlərdən biridir. Bu ölkə təkcə enerji resursları ilə zəngin deyil, həm də ABŞ-a rəqib olan geosiyasi düşərgənin tərkibində yer alır. Xüsusilə də Venesuelanın yürüt­düyü xarici siyasət ABŞ-ın qlobal maraqları ilə ziddiyyət təşkil edir və bu maraqlara ciddi problemlər yaradır. Burada iki əsas faktor ön plana çıxır. Birincisi, ölkədə hökm sürən avtoritar rejim ABŞ-ın enerji bazarlarına nəzarət imkanlarını risk altına salır. Venesuela dünya bazarlarına enerji resursları ixrac edən mühüm oyunçulardan biridir. İkincisi, Venesuelanın enerji resurslarından istifadə edən ölkələrin əksəriyyəti ABŞ-ın qlobal rəqibləri sırasına daxildir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Xatırladaq ki, ABŞ-ın yaxın günlərdə Venesuelada narkotik kartellərinə qarşı quru əməliyyatlarına başlamaya hazırlaşdığı bildirilib. Prezident Donald Tramp açıqlamasında qeyd edib ki, ABŞ Konqresi bu əməliyyatlara etiraz etməyəcək. Eyni zamanda, Tramp mediada “B-1” bombardmançılarının Venesuela sərhədinə göndərilməsi ilə bağlı yayılan məlumatları təkzib edərək, bu xəbərlərin həqiqətə uyğun olmadığını vurğulayıb.

Siyasi şərhçi qeyd edib ki, bu amil Vaşinqtonla Karakas arasındakı gərginliyin əsas səbəblərindən biri hesab olunur.

"ABŞ rəhbərliyi hesab edir ki, bu məsələni birdəfəlik həll etmək lazımdır. Eyni zamanda, narkokartellərə qarşı hərbi əməliyyat iddiası böyük ehtimalla bəhanə xarakteri daşıyır. Bu addımın gerçəkdə reallaşacağı və ya reallaşmayacağı yaxın vaxtlarda bəlli olacaq. Lakin istənilən halda ABŞ və Venesuela arasında qarşıdurma müəyyən mərhələdə hərbi toqquşma ehtimalını artırır. Bu baxımdan, yaxın dövrdə hadisələrin hansı istiqamətə inkişaf edəcəyi və ABŞ-ın hərbi xarakterli addımlar atmaqda israrlı olub-olmayacağı aydınlaşacaq".

Rəfiqə Namazəliyeva,

Aznews.az