Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətlər rəsmi olaraq təyin edilib və bu tətbiq yalnız qeyri-meyvə araqlarına aid olacaq. İqtisadiyyat Nazirliyinin Kollegiyasının qərarı ilə 24 noyabr 2025-ci ildən etibarən 50 qramlıq qablaşdan 1,75 litrlik həcmə qədər olan araqlar üzrə daxili istehsal və idxal mallarının minimum pərakəndə qiymətləri mùvafiq olaraq 1,96-26,33 manat və 2,43-42,85 manat aralığında müyyən olunub. Bu tətbiq, bir tərəfdən istehlakçı müdafiəsi və ictimai səhiyyənin qorunması, digər tərəfdən bazar nizamlanması və fiskal nəzarətin gücləndirilməsi istiqamətində addım hesab olunur.
Alkoqollu içkilər bazarının strukturuna baxdıqda, qiymət həssas istehlakçı qruplarının payının xeyli olduğu görülür. Bu baxımdan, ucuz və aşağı keyfiyyətli spirtli içkilərin istifadəsinin azaldılması ictimai maraqlara uyğun siyasət istiqamətidir. Oxşar tətbiqlər Avropa İttifaqı ölkələrində, o cümlədən Finlandiya, İrlandiya və Litvada da minimum qiymət siyasəti şəklində həyata keçirilir. Məsələn, İrlandiyada 2022-ci ildə tətbiq edilən analoji qanun ölkədə araq istehlakının 8 faiz azalması ilə nəticələnmişdi. Bu baxımdan, Azərbaycanda da qısa müddətdə suni qiymət artımı deyil, orta müddətdə istehlak və istehsal strukturunda daha sistemli dəyişiklik gözlənə bilir.
Tətbiqin iqtisadi baxımdan məqsədə, yerli istehsalın rəqabət qabiliyyətini qorumaqla yanaşı, vergi daxilolmalarının daha səmərəli idarə olunmasına nail olmaqdır. Minimum qiymət siyasəti azərbaycan bazarında çox zaman qeydiyyatsız istehsal və ya qeyri-rəsmi satış risklərini azaldan tətbiq kimi qiymətləndirilməlidir. Belə ki, qiymət həddi müyyən edildikdən sonra satışı qanuni qaydada reallaşdırmaq tələbi artır və bu, fiskal şəffaflığa xidmət edir. Digər tərəfdən, bu addım ixrac potensialı olan yerli istehsalçılar üzrə keyfiyyət standartlarını yüksəltməyə səbəb ola bilər. Beləliklə, bazarda daha dayanaqlı struktur formalaşır.
Sosial aspektdən qiymətlərin müyyən edilərək artması, istehlak vərişlərində qısmi dəyişikliyə səbəb ola bilər. Araşdırmalar göstərir ki, spirtli içkilərə dair qiymət artımı xüsusən gənclər və azgəlirli əhali qrupları arasında istehlakın azalması ilə nəticələnir. Bu da uzun müdətli perspektivdə ictimai səhiyyə xərclərinin azalması və əmək bazarında istehsal effektivliyinin qorunmasına dolayı təsir göstərə bilər. Lakin burada diqqətə alınmalı amil paralel bazar riskidir. Qiymətlərin artmasının suni içkilər bazarını stimullaşdırmaması üzrə nəzarət mexanizmlərinin gücləndirilməsi vacib olacaq. Bu istiqamətdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rolu əsas həlqə sayılır.
Makroiqtisadi baxımdan qiymət hədlərinin müyyən olunması, bazarda qiymət sabitləşdirici funksiya daşıyacaq. Qeyd olunan aralıqlarda qiymətlər, əslində istehsal xərclərinin, aksiz və ƏDV yüklərinin optimal balansı kimi formalaşıb. Bu, inflyasiya risklərini çox artırmadan fiskal dayanaqlılıq təmin edir. Hazırda alkoqollu içkilər bazarının illik dəyərinin 300 milyon manatdan çox olduğu ehtimal edilir. Minimum qiymət siyasəti bu həcmin şəffaf mənbədən idarə olunmasını gücləndirəcək.
Nəticə etibarilə, minimum qiymət tətbiqi sadəcə iqtisadi mexanizm deyil, sosial davranış modellərini nizamlayan alət kimi qiymətləndirilməlidir. İqtisadiyyat Nazirliyinin bu istiqamətdəki addımı, beynəlxalq praktikalara uyğun şəkildə səhiyyə, fiskal və bazar siyasətlərinin inteqrasiyasını göstərir. Prosesin davamı olaraq, istehsal keyfiyyəti, vergi inzibatçılığı və istehlak davranışı üzrə paralel monitorinqlərin aparılması vacib olacaq. Bütün bu amillər birlikdə bazarın uzunmüdətli sabitliyini, istehsalçı və istehlakçı mənafeyinin balanslı qorunmasını təmin etməyə imkan yaradacaq.
Nuray,
Aznews.az