Qubadlı Şəhəri Günü – Qəhrəmanlıq, qürur və dirçəlişin rəmzi

25 Oktyabr 2025 14:22 (UTC+04:00)

25 oktyabr tarixi xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış tarixi günlərdən biridir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində 2020-ci il 25 oktyabrda Qubadlı şəhəri işğaldan azad edildi.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixində imzaladığı Sərəncamla bu əlamətdar gün rəsmi olaraq Qubadlı Şəhəri Günü kimi təsis olunmuşdur. Bu qərar yalnız bir rayonun deyil, bütövlükdə Qarabağın dirçəlişi və suverenliyimizin təntənəsi baxımından mühüm rəmzdir.

Qubadlı rayonunun işğaldan azad olunması 44 günlük Vətən müharibəsində mühüm dönüş nöqtələrindən biri oldu və Böyük Qələbəmizi bir qədər də yaxınlaşdırdı. Ulu Torpaqlarımıza yenidən həyat qayıtdı, Qubadlıya öz sahibləri, onun qəhrəman, mərd övladları qayıtdı.

Millət vəkilinin sözlərinə görə, Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə Azərbaycan əsgəri yüksək peşəkarlıq, fədakarlıq və vətən sevgisi nümayiş etdirdi. Düşmənin güclü istehkamlar qurduğu ərazilər, strateji yüksəkliklər mərdliklə ələ keçirildi və nəticədə 25 oktyabrda Qubadlı şəhəri düşməndən tam azad olundu. Bu şanlı zəfər bir daha göstərdi ki, Azərbaycan xalqı heç vaxt torpaqlarını, tarixi ədaləti unutmur və unudulmasına da imkan verməz.

Azərbaycan Ordusunun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 2020-ci il noyabrın 26-da təsis edilmiş “Qubadlının azad olunmasına görə” medalı ilə 15 mindən artıq hərbi qulluqçumuz təltif olunub. Bu, Vətən qarşısında misilsiz xidmətin, igidliyin və qələbə ruhunun təntənəsidir.

Fatma Yıldırım qeyd edib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Qubadlı rayonunda "Böyük Qayıdış" Proqramı çərçivəsində genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Artıq Qubadlının yeni inkişaf dövrü başlanıb. 2040-cı ilədək Qubadlı şəhərinin Baş planı təsdiq edilib, “Qubadlı” yarımstansiyası istifadəyə verilib, sürətli internet infrastrukturu qurulub. Mahruzlu və Zilanlı kəndlərində müasir tikinti layihələri həyata keçirilir. Qubadlı-Eyvazlı və Qubadlı-Laçın avtomobil yollarının inşası, “Qubadlı” gömrük postunun yaradılması, ərazinin sosial-iqtisadi dirçəlişinə böyük təkan verir. Bütün bu layihələr dövlətimizin qayğısının, cənab Prezidentimizin uzaqgörən siyasətinin təcəssümüdür.

25 oktyabr Qubadlı Şəhəri Günü münasibətilə bütün qubadlılı həmvətənlərimizi, qəhrəman əsgər və zabitlərimizi səmimi-qəlbdən təbrik edir, onlara əmin-amanlıq və rifah arzulayıram.

AzNews.az