15 sentyabrda başlayan dərs

10 Sentyabr 2013 10:24 (UTC+04:00)
20 Yanvar günündə insanlar Şəhidlər Xiyabanına gedir. Günahsız həlak olan faciə qurbanlarını ziyarət etməyə.

Bu, həm də dövlətin təqvim olaraq qara rəngi seçdiyi rəsmi matəm günüdür. Orada alt cərgədə artıq Qarabağ savaşında şəhid olan insanlarımızın bir qismi yatır. Yuxarıda xüsusi mərmərdən hazırlanmış kompleksə gül qoyandan sonra geriyə yol Qarabağ şəhidlərinin məzarlarının qarşısından keçir. Bir neçə dəfə dövlət protokolu ilə buradan keçmişəm, artıq ikinci cərgədən geriyə qayıdan yolun üzərindəki məzarlar əksəriyyətin marağını çəkmir. Əllərində güllərin hamısını yuxarıda buraxmış insanlar əgər hansısa qohumunun, yaxınının məzarı yoxdursa, ayaq saxlayıb rəhmət oxumağı da unudur.

Əlbəttə ki, vəfat etmiş insanlar arasında fərqləndirmə aparmaq məqsədilə bu mövzuya toxunmuram. Ancaq şəhidlik formatına İlahi yanaşma ilə dövlət yanaşmasının fərqini izah etməyi vacib hesab edirəm. İlahi məntiq budur ki, Allah yolunda mübarizə aparıb həlak olan hər kəs şəhiddir. Allah yolu deyəndə, bəndəniz hər şeyin hərfi mənasından yapışan dini yorumçulardan fərqli olaraq, həm də Vətənin, Torpağın, İnsanın müdafiəsi üçün şüurlu şəkildə savaşa qatılan, öz vəzifə borcunu ləyaqətlə yerinə yetirib həlak olan insanları da ehtiva etdiyindən, heç vaxt məsələyə dar çərçivədən yanaşmıram. Bununla belə, 20 Yanvar faciəsinin günahsız qurbanları ilə şəhid adının eyniləşdirilməsini doğru hesab etmirəm. Əlbəttə, 20 Yanvar faciəsi zamanı şəhid olan insanlar da var və heç tərəddüdsüz onlardan tanıdığım ən azı birinin adını çəkə bilərəm. Gənc, istedadlı ziyalımız, şəhid Ülvi Bünyadzadənin ANDını və şeirlərini oxuyan hər kəs, onun amalına bələd olan dostları hər zaman onun Vətən üçün, onun azadlığı üçün şəhid olma duyğusunu daşıdığını söyləyə bilərdi. Və o, təsadüfən küçədən keçən, balkona çıxan talesiz insanlardan biri deyildi, şüurlu şəkildə zəif vücudu və böyük qəlbi ilə Ssvet tankının qarşısına çıxan cəsur gənclərimizdən biri idi. Bu fərqi ona görə anlatmamız vacib ki, dövlətin müəyyənləşdirdiyi şəhidliklə Yaradanın sevdiyi, ucaltdığı şəhidliyin fərqini ayırd edə bilək.

Mən Qarabağ savaşına Vətəni qorumaq üçün qatılıb həlak olan hər bir insanımızı Şəhidlər Xiyabanında, birinci və ya ikinci Fəxri Xiyabanda, sadə kənd qəbiristanlığında dəfn olunmasından asılı olmayaraq ŞƏHİD hesab edirəm. Bu şəhidlik Azərbaycan davası üçün həlak olan bütün insanlara aid edilməlidir. Şəhidlər Xiyabanının bir giriş nöqtəsində kiçik bir abidə kompleksi qoyulan Qafqaz-İslam Ordusunun əsgər və zabitlərinə də, onların şanlı komutanı Nuri Paşaya da sevgimin arxasında bir insani duyğusallıq yatmır, bir Türk, İslam təəssübkeşliyi yatmır, sadəcə, mənim dövlətimin və millətimin xilası üçün uzaq Anadoludan gəlib könlünü, canını, əməlini bu məmləkətin insanına ərməğan edərək, azadlığımız üçün vuruşaraq şəhid olmuş qardaşlarımıza sabah axirətdə hesabı sorulacaq bir borc yatır. Ona görə də hər bir Azərbaycan sevgisi olan, müstəqilliyə, azadlığa Allahın ən dəyərli neməti kimi baxan vətəndaşlarımız, heç olmazsa, 20 Yanvar günü buraya axışdığı kimi, 15 sentyabrda da bir cüt qərənfillə də olsa, qəlbində səmimi dua ilə də olsa, bu adlı-adsız qəhrəmanları minnətdarlıq duyğusu ilə anmağa, onlara rəhmət oxumağa bir borc kimi, vəzifə kimi baxmalıdır.

Bu il 15 sentyabr bazar gününə düşdüyündən, dərslər başlamayacaq. Ancaq bu ilin 15 sentyabrında Azərbaycan vətəndaşları üçün nə zamansa ağır imtahanı ilə üz-üzə qalacaqları bir dərs başlayır: Bakının işğaldan azad olunmasının, Azərbaycanın millət və dövlət olaraq xilasının 95 illiyi bu torpağın üzərində addımlayan insanlar üçün bir minnətdarlıq dərsi olacaqmı? Bir cüt qərənfillə ziyarət etmək imkanı olmasa da, evinin bir küncündə qəlbində, dilində Nuri Paşanın, Türk əsgərinin ruhuna bir SALAM göndərəcəkmi bu məmləkətin insanı?

Bu dərsin imtahanı çox ağır olacaq, əzizlərim! Allah bizləri həm insan olaraq, həm də millət olaraq naşükürlərdən etməsin!

AzNews.az