Gürcüstanda bu il sürücülük vəsiqəsi alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb​

27 Oktyabr 2025 16:00 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanda 20 nəfər Azərbaycan vətəndaşı sürücülük vəsiqəsi alıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin hesabatından məlum olur.

Avtomobil idarə etmək hüququnu qonşu ölkədə əldə etmiş 16-49 yaş arasında olan Azərbaycan vətəndaşlarının 10-u kişi, 10-u qadındır.

İlk doqquz ayda Gürcüstanda ümumilikdə 3 528 nəfər sürücülük vəsiqəsi alıb ki, onların 2 783-ü Gürcüstan vətəndaşı, 745-i isə əcnəbilərdir.

Qeyd edək ki, Gürcüstanda sürücülük hüququ 16 yaşdan etibarən verilir. Bu yaşda moped, kvadrasikl və trisiklləri idarə etmək hüququ əldə etmək olur.

2025-ci ilin may ayının sonundan etibarən Gürcütanda əcnəbilər sürücülük vəsiqəsini yalnız yaşayış icazəsi və yaxud ölkədə 185 gündən artıq qalma haqqında arayış əsasında ala bilirlər.