“Trampın müharibənin, ümumiyyətlə, Ukraynadakı böhranın həlli ilə bağlı konsepsiyası nəyi ehtiva edirdi? Bu konsepsiya əsasında müharibənin dayandırılması, Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi və bundan sonra diplomatik danışıqların başlanması nəzərdə tutulurdu. Başqa sözlə desək, Tramp bunu indiki çıxışlarında da təkrar edir. Konsepsiyanın əsas elementləri arasında atəşkəsin elan olunması, Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi və münaqişənin dayandırılması var. Lakin Rusiya tərəfi davamlı olaraq atəşkəsin elan olunmasını deyil, birbaşa sülhün əldə olunmasını tələb edir. Bu səbəbdən Trampın konsepsiyasını qəbul etdiyini bəyan etməsi tam səmimi görünmür”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Ukrayna ilə bağlı konsepsiyasını qəbul etməyə hazırdır. Bunu Rusiya Xarici İşlər Naziri Sergey Lavrov açıqlayıb. Lavrov bildirib ki, Putin ABŞ-ın təqdim etdiyi konsepsiyanı qəbul etməyə və “təklif əsasında praktik addımlar atmağa” hazırdır. Lakin ABŞ hələ bu təklifə birbaşa cavab verməyib. O əlavə edib ki, tərəflər təklifləri diqqətlə nəzərdən keçirmək üçün fasilə verməkdə razılığa gəliblər.
Siyasi şərhçi bildirib ki, bəyanatın qəbul olunması üçün əsas şərt münaqişənin tam dayandırılması və Ukraynaya təhlükəsizlik zəmanətinin təmin edilməsidir.
"Lakin Rusiya yalnız Donbassın tamamilə Rusiya ərazisi kimi tanınması şərti ilə digər istiqamətlərdə güzəştlərə hazır olduğunu bildirir. Məsələn, Xarkov və Xerson istiqamətində güzəştlərə gedə bilər, amma Donbassın Rusiyanın ərazisi kimi tanınması şərti ilə. Ukraynaya təhlükəsizlik zəmanəti, konsepsiyaya uyğun olaraq, NATO-dan imtina etməsini və digər ölkələrin ərazisində hərbi qüvvələrin yerləşdirilməməsini nəzərdə tutur. Rusiya isə NATO üzvü olan ölkələrin Ukrayna ərazisində hərbi varlığına qarşı çıxır və buna görə təhlükəsizlik zəmanətinin verilməsində problemlər yaradır. Beləliklə, Trumpın konsepsiyası Ukraynanın NATO-dan imtina etməsi müqabilində təhlükəsizlik zəmanəti almasını, münaqişənin dayandırılmasını və atəşkəsin elan olunmasını nəzərdə tuturdu. Bundan sonra diplomatik danışıqlar çərçivəsində ərazi mübadilələri və digər məsələlər müzakirə oluna bilərdi. Lakin Rusiya yalnız Donbassın Rusiyanın ərazisi kimi tanınması şərti ilə bunu qəbul edir ki, bu Ukrayna, onun qərb tərəfdaşları və Avropa İttifaqı üçün qəbuledilməzdir. Hazırkı mərhələdə Putinin hərbi nümayişləri, 14 km məsafəyə uçan yeni ballistik raket sınaqları və ardınca verdiyi bəyanatlar faktiki olaraq vaxt qazanmağa, Rusiyanın müharibəni dayandırmayacağı mesajını verməyə hesablanıb. Son dövrlərdə Rusiyanın mövqeləri kifayət qədər zəifləyib. Məsələn, Avropa İttifaqında Macaristan sanksiyalara veto hüququnu artıq istifadə etməyəcəyini açıqlayıb, çünki bu qərar onun milli maraqlarına zidd deyil. Eyni zamanda, Tramp da artıq lüzumsuz danışıqlardan imtina edib və yalnız nəticəli görüşdə iştirak etmək niyyətindədir. Bu vəziyyətdə məsuliyyət tamamilə Rusiyanın üzərinə düşür. Rusiya vaxt qazanmağa çalışsa da, bu cəhdlər prinsipcə nəticəsizdir. Oxşar ssenarilər əvvəllər də olub, lakin artıq Tramp bu taktikanın faydasız olduğunu başa düşür və Lavrovun bəyanatları Qərb tərəfindən ciddi qəbul edilməyəcək. Beləliklə, konsepsiya Ukraynanın NATO-dan imtina etməsi müqabilində təhlükəsizlik zəmanəti almasını, münaqişənin dayandırılmasını və atəşkəsin elan olunmasını nəzərdə tuturdu, lakin Rusiya yalnız Donbassı Rusiyanın ərazisi kimi tanımaq şərti ilə bunu qəbul edir ki, bu da tərəflər üçün qəbuledilməzdir. Hazırkı vəziyyətdə hər iki tərəf arasında danışıqlar prosesində gərginlik davam edir və nəticəli addımların atılması Rusiyanın mövqeyindən asılıdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az