Dövlət qurumlarından oğurluq edən şəxs yaxalandı

10 Sentyabr 2013 12:10 (UTC+04:00)
Abşeron polisi dünən axşam dövlət orqanlarına qənim kəsilən oğrunu yaxalayıb. Rayon Polis Şöbəsindən AzNews.az-a daxil olan məlumata görə, Mehdiabadda silsilə oğurluqlarda şübhəli bilinən 1990-cı il təvəllüdlü Məhbub Ələmdar oğlu Əliyev saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 177.2.2 (oğurluq), 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülüb. M.Əliyev fevralın 28-də Mehdiabadda 5 saylı Qaz İstismar Sahəsinin, mayın 21-də Poçt Şöbəsinin, mayın 23-də isə Kənd Bələdiyyəsinin binalarına gizlicə daxil olaraq, oradan xeyli miqdarda pul və əşyalar oğurlayıb.

Verilən məlumata görə, M.Əliyev 5 saylı Qaz İstismar Sahəsinin binasındakı seyfdən 3234 manat nəğd pul, notbuk, data kart, yaddaş kartı və 1 ədəd mobil telefon götürüb. Poçt şöbəsinin dəmir barmaqlıqlarını kəsərək içəri girən M.Əliyevin əlinə yalnız dəmir seyf keçib. Seyfi aça bilmədiyindən isə onu bütöv aparmağa məcbur olub.

Bələdiyyə binasından çəkiliş aparatı götürməklə kifayətlənməli olan M.Əliyev növbəti dəfə bəxtini fərdi yaşayış evində sınayıb. O, mayın 25-də Mehdiabad sakini Pirmiyə İbrahim Məhərrəm oğlunun evinə girib. Mehdiabad qəsəbəsi, Cəfər Cabbarlı küçəsində yerləşən həmin evdən isə 700 manat məbləğində "Dell" markalı notbuku oğurlayıb.

Ruhiyyə
AzNews.az