Arif Hacılı Milli Şura üzvlərini tənqid etdi

10 Sentyabr 2013 12:27 (UTC+04:00)



"Demokratik müxalifətin birliyi dedikdə biz başqa formatı nəzərdə tuturduq. Əvvəlcədən hansı addımların atılmalı olduğunu bildirmişdik. Çox təəssüf ki, müxalifətin ən geniş koalisiyası adı altında belə bir tərkib formalaşdı. Biz bu şəkildə, yəni formal olaraq, özünü müxalifətçi elan etmiş hər kəsin bir çətir altında birləşdirilməsinin fəsadlarının olacağını da qabaqcadan demişdik".

Bu açıqlamanı APA-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı verib.

Son günlər Milli Şura daxilində baş verən prosesləri şərh edən A. Hacılı deyib ki, bu fəsadlar artıq göz qabağındadır: "Çünki seçki kampaniyasının getdiyi bir dövrdə elə siyasi qüvvələr var ki, bu kampaniyaya heç bir dəstək vermir. Adi partiya üzvünün verdiyi dəstək qədər kömək etməyən, ancaq gurultulu adları olan siyasi qurumların rəhbərləri müxtəlif bəyanatlarla faktiki olaraq seçki prosesinə ziyan vururlar. Bununla da müxalifətin ən geniş koalisiyası adlanan konsepsiya faktiki olaraq iflasa uğradılır. Məlum oldu ki, real olaraq hakimiyyətə müxalifət mövqeyində dayanan və öz fəaliyyətində zaman-zaman sapmalara yol verməyən siyasi partiyaların birliyi, əsl müxalifət birliyi adlana bilər. Biz bunu əvvəlcədən də deyirdik. Prosesin gedişində də bizim haqlı olduğumuz bir daha sübuta yetdi".

A. Hacılı qeyd edib ki, son vaxtlar mətbuatda Milli Şuraya və onun əsas aparıcı qüvvələrindən olan Müsavat Partiyasına qarşı ciddi qara-piar kampaniyası təşkil olunur. İstər hakimiyyət çevrələri, istərsə də bəzi Milli Şura üzvləri bu quruma qarşı ittihamlar və nüfuzdansalma kampaniyası həyata keçiriblər. Divanın iclasındakı etirazı da məhz bu məsələlərlə bağlı olub.

"Bəzi Milli Şura üzvləri dedikdə kimləri nəzərdə tutursunuz" sualını cavablandıran A. Hacılı deyib ki, bu, Azərbaycan ictimaiyyətinə məlumdur: "Müsavat Partiyası hazırda Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin seçki kampaniyasının əsas təşkilatçılarından biridir və partiyanın bütün resursları Cəmil Həsənlinin müdafiəsinə yönəlib. Belə bir məqamda Müsavat Partiyasına hücum etmək, partiyanın rəhbərliyinə qarşı böhtan və təhqirlər yağdırmaq təbii ki, ümumi prosesə zərbə vurur. Eyni zamanda guya Cəmil Həsənlinin seçicilərin əksəriyyətinin səsini ala bilməyəcəyi və sair barədə də açıqlamalar səslənib ki, biz bu fikirləri həqiqətə uyğun olmayan, real vəziyyəti əks etdirməyən açıqlamalar hesab edirik. Bundan başqa, düşünürük ki, bu, ümumiyyətlə seçki kampaniyasına ziyan vurur".

O, Müsavat Partiyasının öz tərəfindən bu prosesi durdurmağa çalışdığını da söyləyib.

A. Hacılı qeyd edib ki, Liberal Partiyanın lideri Lalə Şövkətlə Milli Şuranın vahid namizədi Cəmil Həsənli ilə görüş barədə əvvəlcədən xəbərdar olub: "Bu barədə Cəmil Həsənli ilə müəyyən məsləhətləşmələrimiz olmuşdu. Ancaq görüşdə hansı mövzuların müzakirə olunduğu haqda məlumatsızam".

Qeyd edək ki, Müsavat Divanı bəzi Milli Şura üzvlərinin Milli Şuraya, adıçəkilən qurumun vahid namizədi Cəmil Həsənliyə və Müsavat Partiyasının rəhbərliyinin ünvanına əsassız və qərəzli hücumları pisləyib və bu hərəkətlərin Milli Şuranın nüfuzuna və vahid namizədin uğuruna xələl gətirə biləcəyi üçün yolverilməz olduğu bəyan edib.

AzNews.az