YAP regional toplantı keçirdi

10 Sentyabr 2013 13:01 (UTC+04:00)
Bu gün Yeni Azərbaycan Partiyası seçki kampaniyası çərçivəsində növbəti regional müşavirəsini keçirib.


Tədbirdə YAP-ın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov, YAP Səbail rayon təşkilatının sədri, Partiyanın İdarə Heyətinin üzvü Zahid Qaralov, YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov və YAP-ın rayon təşkilatlarının sədrləri iştirak ediblər.

Müşavirədə çıxış edən Əli Əhmədov vurğulayıb ki, prezident seçkilərinin taleyini həll etməyə qadir olan ən vacib resurs Azərbaycan vətəndaşlarının İlham Əliyevə olan böyük inamı və həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləməsidir: "Bu dövr ərzində aparılan müşahidələr də bizim gəldiyimiz qənaəti birmənalı şəkildə təsdiq edir. Prezident İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin rəğbətini qazanıb. Bu fakt ölkədə mütəmadi olaraq keçirilən sorğularda da öz təsdiqini tapıb. Son 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafı, iqtisadiyyatımızın irəliləyişi, insanlarımızın rifahında baş verən müsbət dəyişiklikləri, yeni həyat keyfiyyətinin formalaşması, ölkəmizin simasının dəyişməsi, bölgələrimizin müasirləşməsi, Azərbaycanın bir dövlət kimi beynəlxalq aləmdə qüdrətinin artması Prezident İlham Əliyevin namizədliyinin dəstəkləməsinin əsasını təşkil edir. Vətəndaşlarımız bu dəyişikliklərə istinad edərək növbəti beş ildə də Azərbaycanın inkişaf edəcəyinə qətiyyətlə inanırlar. Son 10 il ərzində ölkədə baş verən inkişaf Prezident İlham Əliyevin namizədliyinin dəstəkləməsi üçün fundamental əsas olub".

Əli Əhmədov bildirib ki, YAP-ın aparacağı təbliğat və təşviqat vətəndaşların daha fəal şəkildə seçki məntəqəsinə gələrək, səs verməsinə kömək edəcək. /SİA/