Rəsul Quliyev Milli Şuranı ittiham etdi

10 Sentyabr 2013 13:23 (UTC+04:00)
Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev Milli Şurada təmsil olunmasına baxmayaraq, müxalifətin birliyinə qarşı açıq mövqe nümayiş etdirir. R.Quliyev modern.az-a açıqlamasında bildirib ki, Milli Şura üzvləri seçkilərdə müxalifətin qalib gələcəyini bildirməklə xalqı ələ salırlar.

"Bu gün Milli Şuranın məqsədinin prezident seçkilərini udmaq olduğunu iddia edənlər növbəti dəfə xalqı ələ salırlar. Çünki minimal səviyyədə seçkiləri saxtalaşdırmağın qarşısını necə alacaqlarını bilməyənlər, seçkilərdən necə qalib çıxa bilərlər?. Nümayəndələrinin səs veriləcək və sayılacaq kəndlərdən tutmuş şəhərlərə qədər küçəyə çıxmaqlarına belə, əngəl törətməyi təşkil edə bilən hökümətin qarşısına qoymağa nələri var? Bu seçkilərdə Milli Şura üzvlərindən bəzilərinin məqsədi seçkiləri udmaq yox, özlərinin heç kimə lazım olmayan siyasi ömürlərini uzatmaqdır".

Eks-spiker həmçinin Milli Şuranın bəzi üzvlərini dağıdıcılıqda ittiham edib.

"Milli Şura üzvlərinin konkret iş görmək əvəzinə dağıdıcı fəaliyyətini davam etdirəcəklərinə şübhə ola bilməzdi. Başqa sözlə, Azərbaycanın tarixində işləmək şansına malik olmayan, anadan ölü doğulmuş uşaq meydana gəldi. Milli Şuranı "taleyüklü təşkilat" adlandırmaqlarına baxmayaraq, onun iclaslarında heç bir stenoqrama aparmamaq, əvvəldən axıra qədər bütün prosesin videosunu yazmamaq Milli Şuranın hansı tarixi rolundan danışmağa əsas verir? Əgər bunlar olsaydı, bu gün xalq o yazılara baxıb Milli Şuranın işləmək üçün yox, dağılmaq üçün yaradıldığını aydın görə bilərdi".

R.Quliyev daha sonra Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynə də sataşıb. O, P.Hüseyni yersiz bəyanatlar verməkdə günahlandırıb.

"İctimai Palatada 1992-ci ilin ab-havası yenidən gündəmə gəldi, özlərini gah ana, gah aparıcı, gah da yeganə müxalifət adlandırdılar. Hətta palatanın ən aktiv üzvü hörmətli Pənah Hüseynov 2012-ci ilin sentyabrında hər şeyin dəyişəcəyini elan etdi. Bu çılpaq informasiyaların Azərbaycanlıların aktivləşməsi üçün ünvanlandığını anlaya bilmədik. ABŞ-ın hakimiyyəti necə yıxacağı barədə xülyalara qapıldıq".

AzNews.az