Boksçumuz erməni rəqibi üzərində qələbə qazandı

10 Sentyabr 2013 13:55 (UTC+04:00)
Ukraynanın paytaxtı Kiyevdə yeniyetmələr arasında boks üzrə dünya birinciliyi davam edir.

AzNews.az Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, yarışın ikinci günündə milli komandamızın 5 üzvü rinqə çıxıb. 80 kq çəki dərəcəsində mübarizə aparan Şükran Mehdiyev türkiyəli Məhəmməd Aydınla dueldən qalib ayrılıb - 3:0 (29:28, 29:28, 29:28). Mehdiyev 1/8 finalda litvalı Amoldas Taraskeviçusla qarşılaşacaq.

Elcan Qafarlı da (48 kq) dünya birinciliyində ilk döyüşünü qələbə ilə başa vurub. Boksçumuz Filippin nümayəndəsi Hipolito Banalı mübarizədən kənarlaşdırıb - 3:0. Həmyerlimiz 1/8 finalda avstraliyalı Ceyms Biazli ilə üz-üzə gələcək.

Ümid Rüstəmov da (50 kq) komanda yoldaşlarının uğurunu davam etdirib. Millimizin üzvü Varinder Sinqh üzərində inamlı qələbə qazanıb. Hər 3 hakim Rüstəmovun qələbəsini qeydə alıb - 30:27, 29:28, 30:27. Azərbaycan boksçusu 1/8 finalda macarıstanlı David Kovaçla görüşəcək.

Rövşən Musayev də yarışa qələbə ilə başlayanlar arasındadır. 66 kq çəki dərəcəsindəki təmsilçimiz yeni zelandiyalı Rayan Skeiflə döyüşdə heç bir çətinlik çəkməyib - 30:26, 30:26, 30:27. Musayev 1/8 finalda İrlandiya idmançısı Levis Audli ilə münasibətlərini aydınlaşdıracaq.

Hüseyn Tarverdilinin (70 kq) dünya birinciliyindəki ilk görüşü isə daha əlamətdar olub. O, Ermənistan boksçusu Vardan Kosyan üzərində inamlı qələbə qazanıb - 3:0 (30:27, 30:27, 29:28). Boksçumuzu 1/8 finalda Bosniya və Herseqovina nümayəndəsi Sandro Poletan gözləyir.

Yarışın ikinci günündə milli komandamızın üzvlərindən yalnız Pərviz Quliyev (57 kq) mübarizəni dayandırıb. Həmyerlimizin özbəkistanlı Boburmirzo Tolibovla döyüşü bərabər keçsə də, hakimlər qələbəni rəqib idmançıya veriblər - 1:2.

Bu gün rinqə çıxacaq Azərbaycan idmançıları:

60 kq: Şamil İbrahimzadə - Obaida İraqui (Danimarka)
46 kq: Rüfət Hüseynov - Daniel Lapin (Ukrayna)
52 kq: Qüdrət Quliyev - Edvin Qonzalez (Puerto Riko)
63 kq: İsmayıl Hüseynov - Taras Kandelaki (Gürcüstan)

AzNews.az