Deputatın qətldə təqsirləndirilən qardaşı oğlu ifadə verdi

10 Sentyabr 2013 14:25 (UTC+04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəşad Mirələmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə R. Mirələmov ifadə verib. R. Mirələmov bildirib ki, özünü müdafiə etmək üçün qətl hadisəsini törədib: "Həmin adam məndən güclü idi. Əvvəlcə dalaşdıq, məni döyüb yerə yıxdı. Mən də məcbur olub silahdan atəş açdım. Əgər onu qəsdən öldürmək fikrim olsaydı döyülməyimi gözləməzdim ".

Proses sentyabrın 19-da davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin hadisə ilə bağlı yaydığı məlumata görə, 17 iyul 2012-ci il tarixdə paytaxtın Səbail rayonu ərazisində fəaliyyət göstərən "1001 gecə" istirahət mərkəzində ölümlə nəticələnən insident baş verib. İstintaq zamanı Rəşad Mirələmovun "Makarov" markalı tapança ilə Ramal Bayramovu qəsdən öldürməsi, Səməd Mənsimov, Elmar Süleymanov və qeyrilərini qəsdən öldürülməyə cəhd etməsi müəyyən olunub. O, Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.10, 120.2.11, 29, 120.2.7 (qəsdən adam öldürmə), 182.2.3, 182.2.4, 182.3.2, 182.3.3 (hədə-qorxu ilə tələb etmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, R. Mirələmov deputat Hüseynbala Mirələmovun qardaşı oğludur.

AzNews.az