“Hesab edirəm ki, istər İranın geri addım atmaması, istərsə də İsrailin Tehrana qarşı sərt və güzəştsiz siyasətini dəyişməməsi, həmçinin Amerikanın — xüsusilə də Trampın siyasi xəttində — İranla bağlı sərt və təzyiq yönümlü addımların tərəfdarı olması bölgədə gərginliyi artıran əsas amillərdəndir. Bu faktlar bir daha göstərir ki, Yaxın Şərqdə vəziyyət son dərəcə həssas mərhələyə qədəm qoyub. Tərəflərin hər biri öz maraqlarını qorumaq üçün siyasi dialoqdan çox güc nümayişinə üstünlük verir. Bu isə qarşıdurma riskini artırır və regionda hər an yeni bir müharibənin alovlanması ehtimalını reallığa çevirir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
Qeyd edək ki, Yaxın Şərqdə son aylarda baş verən hadisələr, xüsusilə İrana qarşı həyata keçirilən əməliyyatlar və tətbiq edilən sanksiyalar bölgədəki geosiyasi balansı əhəmiyyətli dərəcədə dəyişib. ABŞ və İsrailin Tehrana qarşı sərt və təzyiq yönümlü siyasəti, eləcə də İranın bu təzyiqlər qarşısında geri addım atmaması regionda gərginliyi daha da artırır. Artıq tərəflər arasında qarşıdurma yalnız diplomatik müstəvidə deyil, həm də hərbi ritorika və iqtisadi sferada özünü göstərir.
Siyasi şərhçi qeyd edib ki, mümkün müharibə yalnız İran və İsrail üçün deyil, bütövlükdə region üçün də ciddi fəsadlar yarada bilər.
"Buna görə də, gərginliyin artmaması üçün tərəflər bir-birinə qarşı sərt ritorikadan imtina etməli, qarşılıqlı etimadın formalaşdırılmasına yönəlmiş diplomatik mexanizmlərə üstünlük verməlidirlər. Bu gün bölgə yeni müharibəyə deyil, dialoqa, qarşılıqlı anlaşmaya və təhlükəsizliyin təmin olunmasına daha çox ehtiyac duyur. Əks halda, biz yaxın zamanda regionda yeni və daha dağıdıcı bir münaqişənin şahidi ola bilərik".
Rəfiqə Namazəliyeva,
AzNews.az